Avqustun 17-də dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942–2008) anadan olmasının 78-ci ildönümü tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx hazırlayıb.
Kitabxanadan bildirilib ki, videoçarx Müslüm Maqomayevin gənclik dövrünə, sənətdə atdığı ilk addımlara, şöhrətə aparan yolda sərf etdiyi zəhmətə, Azərbaycan adını dünya şöhrətli səhnələrdə tanıtmasına bir səyahətdir. Videoçarxda onun 1962-ci ildə ilk uğurunu qazanması, maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Dünya Festivalına yollanaraq oradan medalla qayıtması və bu münasibətlə populyar “Oqonyok” jurnalında “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edilməsi vurğulanıb.
Həmçinin müğənninin 60-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olması, Milanın dünya şöhrətli “La Scala” teatrında təcrübə keçməsi də diqqətə çatdırılıb. Bundan əlavə, dünya şöhrətli müğənninin repertuarında 600-dək əsərin olması və onların içərisində Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yer tutması haqqında məlumat verilir, M.Maqomayevin “Nizami” bədii filmində baş rolu oynaması diqqətə çatdırılır. Eyni zamanda rus, ispan, italyan və s. dillərdə mahnılar ifa edən sənətkarın xaricə qastrol səfərlərində də Azərbaycanın adını uca tutması vurğulanır.