Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək
Xəbər verdiyimiz kimi, böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.
Bakıda doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında oxuyarkən ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, hər zaman azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.
Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti ilə “La Scala” (Milan), “Staatsoper” (Berlin), “Opéra National de Paris” (Paris), “Teatro dell’Opera di Roma” (Roma), “Teatro La Fenice di Venezia” (Venesiya), “Teatro Real” (Madrid), “Covent Garden” (London) və s. teatrların səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.
Dünyaca məşhur “La Scala” teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşmaq hər ifaçıya müyəssər olmur. Azərbaycan müğənnisi Eldar Əliyevə bu sənət xoşbəxtliyi nəsib olmuşdu. Şöhrətin zirvəsində olduğu zaman səhhətində yaranmış problemlərlə bağlı hədsiz sevdiyi opera səhnəsindən ayrılmasına baxmayaraq, o, İtaliya sənətsevərləri tərəfindən bugünədək unudulmayıb. Eldar Əliyevin vəfatı ilə əlaqədar “La Scala” teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır, kütləvi informasiya vasitələrində Eldar Əliyevə həsr edilmiş məqalələr dərc olunur.
Böyük vokalçı nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakıda keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına görə özünü xoşbəxt sayırdı.
Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, “La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin “dahi müğənni” adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib. “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşsa da, ölməz sənəti bu ölkədə yaşamaqda davam edəcəkdir.
Hazırda Eldar Əliyevin nəşinin Vətənə gətirilməsi ilə bağlı tədbirlər görülür. Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasimi Bakıda hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə keçiriləcək.