Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) təşəbbüsü ilə “Dünya xilas olacaq” adlı onlayn rəsm sərgisi açılıb.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin birgə layihəsi əsasında təşkil edilib. Layihənin rəhbəri İncəsənət Kollecinin müəllimi memar və dizayner Fərəh Əmirovadır.
Onlayn sərgidə 70-dək rəssamın əl işləri nümayiş olunub. Sərginin məqsədi koronavirusa qarşı mübarizəni dəstəkləmək, xəstəlikdən qorunmaq üsullarını təsviri sənət vasitəsilə cəmiyyətdə təbliğ etməklə insanları maarifləndirməkdir.
Sərginin mahiyyəti, həmçinin pandemiya dövründə yaradıcı gənclərin həyatında yaranmış boşluğu doldurmaq, mövcud vəziyyətdə onların üzləşə biləcəyi ruh düşkünlüyü, depressiya, stress və müxtəlif fobiyaların qarşısını almaqda kömək göstərməkdir.