Pandemiyaya görə ertələnən “Travel Businness Azerbaijan 2020” yeni formatda keçiriləcək
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə oktyabrın 14-də “Travel Business Azerbaijan Online” tədbiri təşkil olunacaq. Tədbirdə Avropa, MDB ölkələri, Körfəz ölkələri, Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən 300-ə qədər iştirakçının qatılacağı gözlənilir. Azərbaycanın turizm və hotel sənayesi tədbirdə 200-dək nümayəndə ilə təmsil olunacaq.
Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici şirkətlər arasında əməkdaşlığa zəmin yaratmaq və qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.
“TBA Online” iştirakçıları bir-biri ilə görüşlər təyin etmək imkanı əldə edəcəklər. Bundan əlavə, platformada xüsusi alqoritmlə istifadəçilərin uyğunlaşdırılması sistemi istifadə olunacaq ki, bu da iştirakçıların öz maraq və profilinə uyğun avtomatik yönləndirilməsi ilə nəticələnəcək.
Görüşlərdən əlavə, yerli sərgi iştirakçılarının təqdimatında müxtəlif vebinarlar da təşkil olunacaq.
Platformadan istifadə edərkən iştirakçılar, həmçinin müxtəlif mövzularda maraqlı videolar izləyə, çap materialları və jurnallar yükləyə və xəritə üzrə Azərbaycanın turizm potensialı ilə tanış ola bilərlər.
İştirak üçün qeydiyyata avqustun 17-dən start verilib. Tədbirdə iştirak ödənişsizdir.
Qeyd edək ki, onlayn layihə bu il aprelin 29-da Bakıda keçirilməsi planlaşdırılan, lakin pandemiyaya görə təxirə salınan “Travel Businness Azerbaijan 2020” tədbirinə alternativ olaraq təşkil olunur.