Dnepr şəhərinin mərkəzi meydanında Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Ukraynada yaşayan digər millətlərin iştirakı ilə keçirilən tədbirdə soydaşlarımız da iştirak edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bayram konsertindən öncə çıxış edərək iki ölkə arasında tarixi dostluq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan və Ukrayna hər zaman bir-birinin yanında olub, xalqlar arasında mehriban münasibətlər mövcuddur. Bu gün də bu ənənə uğurla davam etdirilir.
Sonra bayram konsertində “Qafqaz” xalq ansamblının iştirakı ilə “Yallı”, “Nəlbəki”, “Naz eləmə”, “Ağ çiçək”, “Sarı gəlin” və digər rəqslər ifa edilib. Bundan başqa, Dneprdə fəaliyyət göstərən “Leyla” uşaq ansamblının da rəqs nömrələri iştirakçıların alqışına səbəb olub.
Tədbir çərçivəsində Azərbaycanın milli dəyərlərini təbliğ edən sərgi də təşkil edilib.