Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə tanınmış arxeoloq, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.
Yubiley tədbirləri çərçivəsində avqustun 25-də “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq videokonfrans təşkil olunub.
“Orta əsrlər Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlillinin moderatorluğu ilə keçirilən konfransın açılışında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsinin səlahiyyətlərini icra edən Könül Cəfərova, millət vəkili Tahir Kərimli, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Azərbaycan Texniki Universiteti Tarix kafedrasının müdiri, professor Şikar Qasımov, Türkiyənin Aydın Universitetinin əməkdaşı Əhməd Aytac, Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Mehriban Eyyubova, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva və başqaları çıxış ediblər.
Çıxışçılar Qafar Cəbiyevin ölkəmizdə arxeologiya elminin inkişafı, Orta əsrlər mərhələsi, şəhər mədəniyyəti, Qafqaz Albaniyası, Girdiman vilayətinin tarixi dövrünə aid apardığı araşdırmalardan söz açıblar.
Videokonfrans iştirakçıları Qafar Cəbiyevə təbriklərini çatdıraraq, ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Şimali Makedoniya, Belçika və Rusiyadan da nümayəndələrin iştirak etdiyi beynəlxalq konfrans avqustun 26-da davam edəcək.