Azərbaycana aid daha bir əlyazma UNESCO-nun “Dünya yaddaşı” (Memory of the World) beynəlxalq reyestrinə daxil ediləcək. Bununla bağlı AMEA-nın Əlyazmalar İnstitutu ilə sözügedən təşkilat arasında onlayn işçi görüşləri və təqdimat prosesi yekunlaşıb.
Əlyazmalar İnstitutundan bildirilib ki, görüşlərə “Dünya yaddaşı” proqramının Qeydiyyat altkomitəsinin rəhbəri, professor Jan Bos (Niderland) sədrlik edib. Qiymətləndirmə üzrə ekspertlər qismində isə UNESCO rəsmiləri – professorlar Joy Şpringer (Niderland), Kyunq-ho Suh (Cənubi Koreya), Rey Edmondson (Avstraliya) və Roslin Rassel (Avstraliya) çıxış ediblər.
UNESCO-nun “Dünya yaddaşı” proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə elmi müəssisədə yaradılmış komissiya prosedur qaydalarına uyğun olaraq, institutda mühafizə olunan XIX əsrə aid unikal əlyazma kitabının UNESCO ekspertləri üçün təqdimatını həyata keçirib.
Onlayn işçi görüşlərdə institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova reyestrə daxil edilmək üçün təqdim olunmuş əlyazma haqqında çıxışlar edib, əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı elmi müəssisənin mövqeyini və obyektiv qiymətləndirməyə yardım edəcək arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırıb.
UNESCO tərəfindən elmi qiymətləndirmə və ekspertiza fəaliyyəti uğurla yekunlaşacağı təqdirdə, Azərbaycana aid daha bir əlyazmanın yaxın bir neçə ay ərzində nüfuzlu “Dünya yaddaşı” reyestrinə daxil ediləcəyi gözlənilir.
Xatırladaq ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma – Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin anadilli “Divan”ı “Dünya yaddaşı” reyestrinə daxil edilib.