Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq teatrının rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Seyidməmməd Mirvəli oğlu Əliyev avqustun 22-də vəfat edib.
Seyidməmməd Əliyev 1954-cü ildə Sabirabad rayonunda anadan olub. Bakı Mədəni-Maarif Texnikumunda və indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Özfəaliyyət teatr rejissorluğu fakültəsində təhsil alıb.
1977-ci ildə Sabirabad Rayon Mədəniyyət Şöbəsində əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 1987-ci ildən A.İsgəndərov adına Xalq teatrına rəhbərlik edib.
1997-ci ildə Qarabağ müharibəsi əlillərindən ibarət “Mübarizlər” teatr qrupunu yaradıb və ömrünün sonunadək həmin kollektivin rəhbəri olub. Kollektiv ölkəmizin müxtəlif bölgələrində qastrol səfərlərində olub, vətənpərvərlik mövzusunda hazırladığı tamaşalar rəğbətlə qarşılanıb. 2013-cü ildə hazırlanan “Xocalı harayı” tamaşası R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunub və Mədəniyyət və Turizm Nazirliyinin diplomuna, iştirakçılar isə fəxri fərman və pul mükafatına layiq görülüblər. S.Əliyev həmçinin 1978-1981-ci illərdə keçirilən ənənəvi “Teatr baharı” festivallarının da fəal iştirakçısı olub.
A.İsgəndərov adına Xalq teatrının 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırladığı “Səndən sonra bu məmləkət sənsiz deyil, səninlədir” tamaşası Bakı şəhərində nümayiş olunub və mükafatlandırılıb. Kollektiv 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi II Respublika Xalq Teatrları Festivalında nümayiş etdirdiyi “Qisas qiyamətə qalmaz” tamaşası ilə III dərəcəli diploma layiq görülüb.
S.Əliyev uğurlu fəaliyyətinə görə müxtəlif diplom və fəxri fərmanlarla mükafatlandırılıb, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” yubiley medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.