Özbəkistanın tnews.uz portalında Zəngəzur haqqında rus dilində məqalə yerləşdirilib. Materialda Zəngəzur mahalının tarixi haqqında ətraflı məlumat verilir, bu ərazinin qədim türk yurdu olduğu sənədlərlə sübut olunur.
Yazıda XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndinin olduğu bildirilir. Qeyd olunur ki, 1988-ci ildə təkcə Zəngəzurda deyil, indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulub. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri Zəngəzuru tərk edəndən sonra onlara məxsus yüzlərlə tarixi, maddi mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur haqqında dediklərindən sitat gətirilib: “Zəngəzur mahalı, digər torpaqlar bizim tarixi torpaqlarımızdır. İndiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.