İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.
Dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Vətənə gətirilib.
Vida mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edirdi.
Jurnalistlərə açıqlama verən “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd etdi ki, pandemiya ilə bağlı mövcud çətinliklərə rəğmən Eldar Əliyevin nəşinin Vətənə gətirilərək torpağa tapşırılması ölkə rəhbərliyi tərəfindən sənət irsimizə verilən dəyərin və tanınmış soydaşımızın xatirəsinə göstərilən ehtiramın nümunəsidir. Biz Eldar Əliyevin nadir lent yazılarını dinlədikdə görürük ki, onun özünəməxsus ifa tərzi olub. Belə dəyərli sənətkarın dünyadan köçməsi hamımız üçün çox böyük itkidir.
Tanınmış bəstəkar və opera müğənnisi Rizvan Sədirxanov vurğuladı ki, Eldar Əliyev opera sənətinin əvəzolunmaz simalarından biri olub. O, Azərbaycan opera sənətini çox yüksək zirvələrə ucaldıb. Haqq dünyasında olan müğənnidən sənətdə qalan xatirələr isə çoxdur. Çünki hər bir sənətkar cismani yoxluğunda xatirələrdə və bir də qoyub getdiyi sənətdə yaşayır.
Qeyd edək ki, Eldar Əliyev 1971-ci il iyunun 28-də Bakıda anadan olub. Vokal istedadı orta məktəb illərində üzə çıxıb. 1991-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Vokal üzrə ilk müəllimi Kamal Kərimov olub.
1992-ci ildə konservatoriyanın ən istedadlı tələbələri arasından seçilərək İtaliyanın Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, hər zaman azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.
Eldar Əliyev Osimo Akademiyasında bir il oxuduqdan sonra Milan şəhərindəki məşhur “La Skala” teatrının himayəsində təşkil edilən kurslarda təhsil almaq üçün müraciət edib və təqaüd qazanıb. “La Skala”da müəllimi məşhur vokalçı Karlo Berqonsi olub. “La Skala”da təcrübə keçərkən daha bir nailiyyət əldə edib. Trevizoda keçirilən Toti del-Monte adına beynəlxalq müsabiqədə mükafat qazanıb.
Bundan sonra onun böyük səhnələrə yolu açılır. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala”, Lozannada “Theatre Municipal”, Boloniyada “Teatro Comunale”, Berlində “Staatsoper Unter den Linden”, Münxendə “National Theater”, Venesiyada “Teatro La Fenice”, Parisdə “Opera National”, Londonda Kral Operası – “Covent Garden”, Brüsseldə “Theatre de la Monnaie”, Romada “Teatro dell’Opera”, Madriddə Kral Operası – “Teatro Real” kimi mötəbər səhnələrdə çıxış edib.
Eldar Əliyev həmçinin 2000-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına 2-ci Beynəlxalq Müsabiqəsinə qatılıb və Qran-pri mükafatını qazanıb.
Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, “La Skala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin “dahi müğənni” adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrə də töhfə verib.
İncəsənət sərhəd tanımır. Eldar Əliyevin vəfatı bu həqiqəti bir daha təsdiqlədi. Məşhur opera sənətçisinin vaxtsız ölümü ilə bağlı məlumatlar nəinki onun doğulub boya-başa çatdığı, sənətdə ilk addımlarını atdığı Azərbaycanda, həm də sənət zirvəsinə ucaldığı və uzun illər Azərbaycanı təmsil etdiyi İtaliyada və dünyanın digər ölkələrində diqqətlə izlənilirdi. Öz təkrarolunmaz sənəti ilə Azərbaycan vokal məktəbini dünyada tanıtmış Eldar Əliyevin taleyi, onun nəşinin Vətənə gətirilməsi son günlər Azərbaycan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də müzakirə edilən mövzulardan biri idi. Eyni zamanda xarici ölkə mətbuatında opera ulduzuna həsr olunmuş çoxsaylı məqalələr dərc edilib.
Eldar Əliyev “İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə, sənət zirvəsinə ucaldığı, alqışlandığı ölkədə həyatla vidalaşdı. O, ölməz sənəti ilə İtaliyada bu gün də xatırlanır və sənətsevər qəlblərdə yaşamaqda davam edəcək. Eldar Əliyevin italiyalı dostları tərəfindən təşkil edilmiş və dəfn mərasiminə çatdırılmış gül çələnginin üzərində yazılan “Resterai nel nostro cuore per sempre!” (“Bizim qəlbimizdə əbədi yaşayacaqsan!”) sözləri gözəl insan və dahi sənətkarın xatirəsinə böyük ehtiramı əks etdirir.
Sənətçinin Azərbaycana olan sevgisi, Vətən eşqi onun özünəməxsus tərzdə ifa etdiyi “Ölkəm” romansında öz əksini tapmışdı. Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi və Vətən torpağına tapşırılması xalqımızın sənətkar övladına olan məhəbbətinin təcəssümüdür. Böyük vokalçının xatirəsi musiqi sənəti tariximizdə əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
NURƏDDİN