Gənc rejissor Rüfət Həsənovun “Daxildəki ada” bədii filmi Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.
Ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” studiyasının birgə istehsalı olaraq ərsəyə gəlib.
Qeyd edək ki, “Daxildəki ada” Sarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan bədii filmidir. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Bakı Media Mərkəzinə, media dəstəyi İctimai Televiziyaya aiddir.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Sarayevo Film Festivalı Avropanın nüfuzlu kino forumlarından biridir. 2019-cu ildə azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” adlı sənədli filmi Sarayevo festivalında mükafata layiq görülmüşdü.