Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə seçmə milli ədəbiyyat nümunələrimizin Türkiyədə tərcüməsi və nəşri işi davam etdirilir.
Layihə üzrə görkəmli nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin nəşri başa çatdırılıb.
Abdulla bəy Divanbəyoğlu əsərləri ilə Azərbaycanda təhsilin inkişafına və maarifçilik hərəkatına mühüm töhfələr verib. XX əsrin əvvəllərindəki dövrün mürəkkəb, sinfi ziddiyyətlərlə dolu səhnələri, Azərbaycan qadınının keçmiş acınacaqlı həyatı “Can yanğısı” povestinin əsas mövzusudur.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap olunub.