Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.
ADMİU-dan bildirilib ki, ikigünlük vebinarda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrindən mütəxəssislər iştirak ediblər.
Onlayn görüşü ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq qeyd edib ki, dünyanı bürüyən pandemiya, bütün fəaliyyət sahələri kimi, təhsil sahəsində də ciddi problemlər yaradıb. Distant tədris rejiminə keçidlə bağlı ən çox problemlər dərslərin əsasən canlı ünsiyyət üzərində qurulduğu bədii təhsil müəssisələrində özünü göstərib. Bu vebinarın təşkilində əsas məqsəd də yeni şərtlərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək innovativ metod və texnologiyaların tətbiqi, müxtəlif bədii yönümlü məktəblərin praktiki nailiyyətlərinin ümumiləşdirilməsi və təcrübə mübadiləsi kimi aktual məsələləri müzakirə etməkdir.
C.Mahmudova Azərbaycanda tədrisin pandemiya vəziyyətinə uyğun təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, zəruri karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədəki bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Tədris prosesi dayandırıldıqdan dərhal sonra universitetin professor-müəllim heyətinin təşəbbüsü ilə dərslər onlayn şəkildə davam etdirilib. Bir müddət müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edən müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platforması vasitəsilə dərsləri daha sistemli şəkildə keçmək imkanı əldə ediblər.
Vebinarda ADMİU-nun Sənətşünaslıq fakültəsinin dekanı Sevil Kərimova, professorlar Arif Əziz, Rafiq Quliyev, Cənnət Səlimova, Əli Əmirli, Xalq artisti Mehriban Zəki, habelə Tokat Qazi Osman Paşa Universitetinin Sənət tarixi kafedrasının müdiri Kamal İbrahimzadə, Adana Çukurova Universiteti Dövlət Konservatoriyası Teatr aktyorluğu fakültəsinin qurucusu və professoru Cahangir Novruzov, dosent Özlem Gök, Ankara Hacı Bayram Vəli Universiteti İncəsənət fakültəsinin dekanı, professor Fulya Bayraktar, professor Bülent Dündar Salderay, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun nümayəndəsi Tamara Potapenko, S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun prorektoru, professor Maya Sakvarelidze, Rejissor sənəti fakültəsinin dekanı Nikolay Skuybin və digər çıxış edənlər rəqəmsal tədrisə keçidin yaratdığı problemlərə nəzər salıb, distant təhsil texnologiyasından istifadə ilə bağlı təcrübələrini bölüşüblər.
Vebinarda, həmçinin Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyasının tədris-metodiki işlər üzrə prorektoru, professor Qulnar Abdraxman, professor Lyalya Kaliakbarova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Şınqıs Erqobek, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının elmi işlər və strateji inkişaf üzrə direktoru Janna Tolısbaeva, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru İbrohim Yuldaşev və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.