Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Qazaxıstan Jurnalistlər Birliyinin (QJB) təşkil etdiyi videokonfransda iştirak edib.
Onlayn konfransda qazax yazıçısı Marhabat Bayqutun “Türküstan türkləri” kitabın Təqdimatı da keçirilib.
QJB-nin Türküstan regional bölməsinin rəhbəri Qalımjan Elşibayin aparıcılıq etdiyi konfransa Əhməd Yəsəvi Universitetinin rektoru, professor Bolatbek Abdrasilov, QJB-nin sədri Seitqazi Matayev, Qazaxıstan Yazıçılar Birliyinin (QYB) rəhbəri Uluqbek Esdövlət də qatılıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, QYB İdarə heyəti başqanının müavini, şair Baurjan Jakup, Özbəkistan və Türkiyədən alimlərlə yanaşı, Əkbər Qoşalı da çıxış edərək ürək sözlərini, Türküstanın türk dünyasındakı yeri və rolu barədə fikirlərini bölüşüblər.
Yeri gəlmişkən, bu günlərdə Əkbər Qoşalının yeni hekayəsi özbək dilində çap olunub. Yazar bundan öncə Özbəkistanın “Kitab dünyası”, “Yaşlek”, “Gün”, “Termez Universiteti” və başqa nəşrlərində çıxış edib, şeirləri Azərbaycan şairlərinin özbəkcə çap edilən antologiyalarında yer alıb.