Orda bir köy var, uzakta,
O köy bizim köyümüzdür.
Gezmesek de, tozmasak da,
O köy bizim köyümüzdür.
Türk şairi Ahmet Kutsi Tecerin bu misralarını hər dəfə xatırlayanda ağlıma bizdən uzaqlarda yaşayan türksoylu qaqauzlar da gəlir. Qaqauz Yerinə getmək, onlarla ünsiyyət qurmaq, yaşayışları, güzəranları ilə tanış olmaq çoxdankı arzum idi. Elə ona görə də dünyanı sarıb yolları bağlayan pandemiyadan öncə Moldovaya gerçəkləşən səfərim zamanı, paytaxt Kişineudan Qaqauz Yerinə çatana qədər içimdə inanılmaz və izahedilməz bir həyəcan vardı.
…Budur, “Qaqauziya Komrat Dolayı” yazısı və eyni zamanda Qaqauziyanın bayrağı, gerbi olan lövhə görünür. Yol bizi Qaqauziyanın inzibati mərkəzi – Komrat şəhərinə doğru aparır. Nəhayət, çatdıq. Çox mehribanlıqla qarşılanırıq. Şirin türkcələri, canayaxınlıqları, qonaqpərvərlikləri o qədər xoşdur ki, qaqauz soydaşlarımızla keçən zamanın fərqində deyilik.
Qədim türk xalqlarından olan qaqauzlar xristian dininin pravoslav məzhəbinə mənsubdurlar. Əsasən Moldova, Ukrayna, Qazaxıstan respublikalarında, Qafqazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türkiyə və Amerikada yaşayırlar. Hazırda ən çox qaqauz Moldovada kompakt şəkildə məskunlaşıb.
Qaqauzların əksəriyyəti 1940-cı ildə yaradılan Moldova Respublikasının cənub sərhədlərinə daxil olan mərkəzi Bucağın (Moldova Respublikasının bir hissəsi olan Qaqauz Yeri Muxtar Vilayəti bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır) şimal hissəsində yaşayırlar.
XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığını qəbul edib, daha sonra Osmanlı hakimiyyəti altında yaşayıblar. Osmanlı zamanında Rumıniyaya bağlı olan indiki Qaqauz Yeri İkinci Dünya savaşı zamanı Sovet İttifaqının (o vaxtkı Moldova SSR) tərkibinə qatılıb. SSRİ-nin dağılması və Moldova Respublikası müstəqilliyini bərpa edəndən üç il sonra, 1994-cü il dekabrın 23-də soydaşlarımız Qaqauz Yeri Muxtar Vilayətini qurmağa nail olublar.
Qaqauziyada əhalinin sayı 155 mindən çoxdur. Onların çox hissəsini (82,1%) qaqauzlar, yerdə qalan qismini bolqarlar (5,1%), moldavanlar (4,8%), ruslar (3,8%), ukraynalılar (3,2%) və digər xalqlar təşkil edir.
Qaqauzlar Moldova Respublikası Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında kompakt olaraq, Bessarabka rayonunda bolqar, ukraynalı, moldav xalqları ilə qarışıq yaşayırlar.
Hər bir xalqın dili onun mədəniyyətinin qoruyucusu və daşıyıcısıdır. Hazırda Qaqauziyada üç rəsmi dil işləkdir: qaqauz, moldav və rus dilləri. Qaqauzlar türk dilinin oğuz ləhcəsində danışırlar, ləhcələri əsasən Azərbaycan türkcəsinə yaxındır. Əlifbaya gəlincə, 1957-ci ildən kiril əlifbası əsasında yaradılmış əlifbadan istifadə ediblər. 1996-cı ildən latın qrafikalı əlifbaya keçiblər.
Qaqauz Yeri Muxtar Vilayətinin öz bayrağı, milli marşı, qanunları var. Qaqauziya Xalq Məclisində 35 millət vəkili fəaliyyət göstərir. Vilayətin başqanı İrina Vlahdır.
Sovetlər Birliyinin süqutu ərəfəsində qaqauzlar da tarixi keçmişlərinə, mədəniyyətlərinə üz tutmağa başladılar. 1989-cu ildən ziyalıların rəhbərliyi ilə xalqın etnik haqları və Moldova Respublikası tərkibində muxtariyyət qazanmaq uğrunda bir hərəkat başlandı. Tarixçilər Mariya Maruneviç və Stepan Kruqlo, şair, yazıçı, jurnalist Todur Zanet, ictimai xadimlər Leonid Dobrov, Stepan Topal, iqtisadçı Konstantin Tauşannji, hüquqşünas İlya Karakaşın rəhbərliyi ilə başlayan hərəkat 1994-cü ildə öz məqsədinə çatdı.
Hazırda Marouneviç adına Elmi-Tədqiqat Mərkəzi Qaqauziyanın tarix və mədəniyyətini öyrənir. Bundan başqa, qaqauzların tarixini təbliğ edən Avdarma kənd Tarix Muzeyi, Beş alma kənd Qaqauz Tarix və Etnoqrafiya Muzeyi, Komrat Etnoqrafiya Muzeyi fəaliyyət göstərir.
Yerli televiziya, qəzet və jurnallar da fəaliyyət göstərir.
Qaqauz Yerinin ictimai yayım xidməti GRT kanalı – Qaqauziya Radio və Televiziyasıdır. Bu, qaqauz dilində yayımlanan dünyada yeganə teleradio kanalıdır. GRT-nin əsas missiyası qaqauz mədəniyyətinin inkişafını, qaqauz dilinin və muxtariyyətdə yaşayan digər etnik qrupların dillərinin istifadəsi və inkişafını təşviq etmək, həmçinin qaqauzların Moldova cəmiyyətinə inteqrasiyasını təmin etmək üçün Moldova-rumın dilinin öyrənilməsinə kömək etməkdir.
1998-ci ildə qaqauz dilində ilk nəşr – “Ana sözü” adlı qəzet yayıma başlayıb. Hazırda “Hakikatın sesi”, “Meydan” qəzetləri, “Sabaa yıldızı”, “Qaqauz dili literaturası” adlı dərgiləri də nəşr olunur.
Qaqauziya ərazisində 50-dək təhsil müəssisəsi fəaliyyət göstərir. Onların sırasına lisey, gimnaziya, uşaq bağçaları, ibtidai məktəblər, internatlar və Komrat Dövlət Universiteti daxildir.
Özlərinin də etiraf etdikləri kimi, əvvəlki illərdən fərqli olaraq, Qaqauz Yerində doğma ana dillərində danışanların sayı artmaqdadır. Bundan başqa, Türkiyənin Moldovadakı keçmiş səfiri Hulusi Kılıcın dəstəyi ilə Komrat Dövlət Universitetində fəaliyyətə başlayan Türkoloji qrup soydaşlarımıza Türkiyə türkcəsini öyrədir. Bu səbəbdən yüksək dövlət qurumlarında çalışanlardan tutmuş sadə vətəndaşlara qədər hər kəs türk dilində danışa bilir. Bu təşəbbüsün gerçəkləşməsinə görə Qaqauz Yerində indi də hər kəs Hulusi bəyi xüsusi rəğbətlə xatırlayır.
Təəssüf ki, Qaqauz Yerində uzun müddət qalmaq fürsətim olmadı, onlarla qısa bir zaman keçirsəm də, bu səfər məndə çox xoş təəssürat yaratdı. Mübarizlikləri və əzmkarlıqlarından bu qənaətə gəldim ki, soydaşlarımız uzun, məşəqqətli bir yol keçiblər. Apardıqları mübarizənin nəticəsidir ki, qaqauzlar özlərini Moldovada bir millət olaraq tanıdıblar. Ötən il dekabrın 23-də paytaxt Komratda Qaqauz Muxtar Yerinin 25 illiyi ilə bağlı təşkil etdikləri təntənəli mərasim də bunun bariz nümunəsi olmuşdu. Mərasimə Qaqauz Muxtar Yerinin başçısı İrina Vlah, Qaqauz Xalq Məclisinin sədri Vladimir Kısa, Qaqauz Muxtar Yerinin əvvəlki başçısı Georgi Tabunşçiki ilə yanaşı, TBMM-də Türkiyə-Moldova Parlamentlərarası dostluq qrupunun başçısı Mehmet Altay, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, keçmiş Moldova Prezidenti Pyotr Luçinski də qatılmışdılar.
Qaqauz Yerindən ayrılanda dönüb soydaşlarımıza bir daha baxdım. Hafizəmdə gülərüzlü, istiqanlı, mehriban qaqauzların şəkli qaldı. Mənə elə gəldi ki, içlərində türklük təşnəsi olan bu insanların şəkli heç zaman hafizəmdən silinməyəcək...
Mehparə SULTANOVA
P.S. Aylar əvvəl gerçəkləşən bu səfərin təəssüratını oxucularla bölüşmək də bu günə qismət imiş...