Berlin Film Festivalının (Berlinale) təşkilatçıları gender bərabərliyini qorumaq məqsədilə bundan sonra “ən yaxşı aktyor” və “ən yaxşı aktrisa” kateqoriyasında mükafatlandırmadan imtina edib.

Son vaxtlar kino aləmində gender ayrı-seçkiliyi ilə bağlı baş verən qalmaqalları nəzərə alan festivalın rəhbərliyi ifaçılıq bacarıqlarına görə aktyor və aktrisa bölgüsü etməyəcək. 2021-ci ildən başlayaraq festivalda xüsusi mükafatlar yalnız əsas rollar və ikinci dərəcəli rollar üzrə veriləcək.

Festivalın direktorları Mariet Rizenbek və Karlo Şatriana birgə müraciətlərində bildiriblər  ki, gender bərabərliyini qorumaq üçün atılan bu addım kino sahəsində bir siqnal olacaq.

Rəhbərlik həmçinin 71-ci Berlin Film Festivalının 11-21 fevral 2021-ci il tarixində canlı formatda, ənənəvi qaydada keçiriləcəyini elan edib.

Yeniliklərdən biri də festivalın “Nəsillər” adlı qısametrajlı proqramından imtinadır. Bundan sonra bu proqramda yalnız 60 dəqiqədən az olmamaq şərtilə filmlər nümayiş olunacaq.

Film festivallarının gender siyasəti ilə bağlı problemləri və bunların həlli yollarının tapılması ilə bağlı müzakirələr bir neçə ildir davam edir. Bu məsələlərin sonu olaraq Kann və Berlin festivallarının direktorları 2019-cu ilin yayında “Gender bərabərliyinə dair memorandum” imzalayıbar. Sənədin müddəalarına uyğun olaraq, müsabiqə proqramında təmsil olunan kişi və qadınların sayı bərabər olmalıdır.

Beləliklə, Berlinale dünyada gender ayrı-seçkiliyinə son verən ilk böyük film festivalı kimi tarixə düşəcək.

LALƏ