Liderlər açıq havada daha çox vaxt keçirəcəklər
Koronavirus pandemiyası səbəbi ilə hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun vaxtı dəyişdirilib.
Forumun internet səhifəsində yayılan məlumatda qeyd edilib ki, illik toplantının qış mövsümündə deyil, yay aylarında baş tutması barədə qərar verilib. Dünyanın siyasi liderlərini, aparıcı şirkətlərin rəhbərlərini, ekspert və media mənsublarını bir araya gətirən nüfuzlu beynəlxalq forumun gələn ilin yanvarında keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərindən məqsədəuyğun hesab edilməyib.
Forumun rəhbərliyi onu da diqqətə çatdırıb ki, COVİD-19 böhranından sonra dünya iqtisadiyyatının dirçəlməsi və “Böyük yeni başlanğıc”ın formalaşdırılması üçün birgə müzakirələrin aparılmasına ehtiyac var. Buna görə də 2021-ci il yanvarın 25-dən etibarən qlobal aparıcı qüvvələrin dünyadakı vəziyyətə dair fikirlərini bölüşmələri üçün “Davos dialoqları” adı altında onlayn forum təşkil ediləcək.