Pandemiya səbəbindən ölkəmizdə elan olunmuş karantin rejimində kino nümayişi mərkəzlərinin, teatrların, əksər muzey və qalereyaların fəaliyyət göstərmədiyini nəzərə alsaq, mədəni istirahət üçün ən münasib məkan hələlik park və bulvarlardır.

Qəzetimizin 13 avqust sayında Bakı bulvarından reportaj vermişdik. Bu dəfə isə Sumqayıt bulvarında nisbətən yumşaldılmış karantin günlərindən sonra sakinlərin düşüncələrini öyrənmək istədik...

Ölkəmizin üçüncü böyük şəhəri Sumqayıtın gözəlliyinə son illərdə yeni çalarlar bəxş olunur. 2016-cı ildə istifadəyə verilən Dənizkənarı bulvar 70 yaşlı şəhərin ən gözəl guşələrindən biridir. Bulvar həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Dörd kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Ərazisinin çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirən əsas cəhətlərdəndir. Vaxtilə baxımsızlıq ucbatından yararsız halda olan Sumqayıt bulvarı bu gün gözəlliyi, sərin və təmiz havası, əyləncə mərkəzləri, yaşıllığı ilə göz oxşayır.

Axşamüstü bulvara daxil oluruq. Xeyli insan istirahət üçün buraya gəlib. Onların arasında gənclər üstünlük təşkil edir.

Sumqayıt Dövlət Universitetinin tələbəsi İsmayıl Abdullazadə ilə söhbət edirik. O, pandemiyanın gətirdiyi çətinliklərdən söz açır: “Koronavirus dünya iqtisadiyyatına ciddi zərbə endirdi, məşhur şirkətlərin bəziləri iflas etdi, insanların çoxu işsiz qaldı. Virusun mənfi təsirləri özünü bütün sahələrdə büruzə verdi. Lakin bir çox yaradıcı insanlara karantin, sözün əsl mənasında, yaradı. Çünki onlar karantindən əvvəl edə bilmədiklərini gerçəkləşdirməyə nail oldular. Səbəb isə vaxt bolluğudur. Dostlarımın bəziləri bu vaxtdan səmərəli istifadə etdilər. Biri kitab yazdı, biri mahnı bəstələdi...”.

Həmsöhbət olduğumuz satıcı Vüsalə Vəliyeva isə deyir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə veriləndən sonra bulvarda canlanma yaranıb: “İnsanların sayının artması bizim işimizə də müsbət təsir göstərir. Sevindirici haldır ki, artıq ölkəmizdə koronaviruslu xəstə sayı son həftələr xeyli azalıb. Müsbət vəziyyət davam etsə, keçmiş həyatımıza geri dönər və əvvəlki kimi yaşamağa başlayarıq”.

Yolumuza davam edirik. Qarşımıza güləş üzrə milli yığmanın üzvü Nurəddin Əsgərov çıxır. Onun sözlərinə görə, karantin dövründə başqaları kimi o da müəyyən çətinliklərlə üzləşib: “Karantin dövründə bir sıra beynəlxalq yarışlar təxirə salındı. Məşqlərimizi dayandırmağa məcbur olduq. Lakin indi vəziyyət nisbətən dəyişib. Açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib. Bundan sonra bir sıra ölkədaxili yarışların keçirilməsi gözlənilir. Mən də yığma komandanın üzvü kimi gələcək yarışlara hazırlaşıram”.

Bulvara üz tutanlar arasında orta məktəb şagirdləri də az deyil. Elnur Rzayev Sumqayıt şəhəri Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəbin şagirdidir. O, karantin tədbirlərinin yumşalmasından sonra dostları ilə vaxt keçirmək üçün buraya gəlib: “Karantin dövründə mən də dostlarımdan, məktəb yoldaşlarımdan uzaq qalmağa məcbur oldum. Bu vaxt ərzində ali məktəbə hazırlığımı da davam etdirdim. Çoxlu kitab oxudum, bir sıra onlayn dərslərə qatıldım. Karantin rejiminin yumşaldılması bir çoxları kimi məni də sevindirir. Çünki aylarla görüşmədiyim məktəb yoldaşlarımla vaxt keçirə bilirəm”.

Artıq axşam saat 10-dur. Səmadakı şəfəqli günəş öz yerini məftunedici aya buraxır. Rəngarəng işıqlar bulvara zəriflik, incəlik qatır. Biz də bu gözəlliyi seyr edə-edə evə doğru yol alırıq...

Nurəddin MƏMMƏDLİ