Bu gün – 30 avqust qardaş Türkiyədə ölkənin milli bayramlarından olan Zəfər bayramı qeyd olunur. Bayram Türkiyə tarixində Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması – istiqlal və qurtuluş naminə savaşın qalibiyyətlə başa çatması ilə əlamətdardır. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün böyük mücadilə və qurbanlar veriblər.

Mustafa Kamal paşanın komandanlığı ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşılayıb, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina edib və savaşa başlayıb. 1921-ci ildə ilk qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakaryada qoyulmuşdu.

İşğalçı orduların ölkə sərhədlərindən tam çıxarılması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü ifadə edir.

Türkiyənin nüfuzlu qurumlarından olan Türkiyə Təhsil üzrə Azad Həmkarlar İttifaqının (Türk Eğitim-Sen) baş direktoru Talip Geylanın sözlərinə görə, Baş komandan Mustafa Kamalın “Böyük Hücum”u (Böyük Taarruz) 26 avqustda – tarixi Malazgirt zəfərinin (1071) ildönümündə başlaması heç də təsadüfi deyil: “Bu iradə Sultan Alparslanın “Sizə elə bir vətən aldım ki, əbədi olaraq sizin olacaq” vəsiyyətini bir daha tarixə yazdı. 30 avqust – Mustafa Kamalın Qurtuluş savaşının əhəmiyyətli bir hissəsini təşkil edən Sakarya döyüşündə söylədiyi, “Xətt müdafiəsi yoxdur, səth müdafiəsi var. O səth bütün vətəndir. Vətən torpağının hər qarışı, vətəndaşın qanı ilə islanmadığı təqdirdə tərk edilə bilməz”, şəklində işarət etdiyi ruhun şahə qalxdığı gündür”.

T.Geylan onu da bildirib ki, 1922-ci il 30 avqust Zəfərindən bəri son 98 ildə bu coğrafiyada hökmranlıq mübarizəsi davam edir: “Türkiyə Cümhuriyyəti, bir əsr əvvəl olduğu kimi, bu gün də bölgəmiz və məzlum millətlərin ümidi olaraq parlamağa davam edir.Türk dövləti necə yüz illiklər boyu olduğu kimi, gələcək əsrlərdə də ədalətin, sülhün və əmin-amanlığın təminatçısı olacaq. Bu isə çoxdan arzuladığımız gələcəyin əsas şərti olan, Hacı Bektaş-i Vəlinin ifadəsi ilə "Bir olmamız, iri olmamız, diri olmamızdır". Min illər boyu uzun bir tarixi olan ruh, hələ də bu torpaqlarda yaşayır. Bu münasibətlə 30 Avqust Zəfərinin 98-ci idönümündə Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və  silahdaşları başda olmaqla vətənimiz üçün canlarını fəda edən bütün əziz şəhidlərimizi minnət və rəhmətlə anırıq. Milli şərəfimiz olan Zəfər Gününüz mübarək olsun”.

Qeyd edək ki, Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ildə elan olunub.

Mehparə SULTANOVA
Ankara