Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) karantin rejiminin tələblərinə uyğun olaraq, mədəniyyət müəssisələrinin əməkdaşları üçün distant konsaltinq xidmətlərini davam etdirir. Müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, yerli və xarici mütəxəssislərin canlı mühazirələri, açıq diskussiyalar  bu qəbildəndir.

Növbəti açıq mühazirədə MEMİM-in direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev “Mədəniyyətdə kadr siyasəti: ənənəvi yanaşmalar və müasir çağırışlar” mövzusunda çıxış edib. “Zoom” proqramı vasitəsilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı, mədəniyyət könüllüləri də iştirak ediblər.

MEMİM-in şöbə müdiri Nurəddin Babazadənin moderatorluğu ilə keçən tədbirə müxtəlif regionlardan 30-dan çox mədəniyyət işçisi qoşulub.

A.Usubəliyev çıxışı zamanı transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində bu sahədə gedən islahatlar, müasir mədəniyyət işçilərinin keyfiyyətləri, onların fəaliyyətinə yeni yanaşmalar, kadr siyasəti və digər maraq doğuran mövzulara toxunub. Kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor sahənin rəqəmsallaşmasının vacibliyini vurğulayıb.

“Kadr siyasətinin müasir fəlsəfəsi insanların işə götürülməsi və ya tutduğu vəzifədən azad edilməsindən ibarət deyil. İnsan resursları fəaliyyətinin müasir fəlsəfəsi rəqabətə davamlı mütəxəssisin yetişdirilməsindən ibarətdir”, - deyən Asif Usubəliyev bu mənada Prezident İlham Əliyevin insan amilinə ayırdığı xüsusi diqqəti vurğulayıb.

Fikir mübadiləsində Gəncə şəhər Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Kamil Diniyev və digərləri iştirak ediblər.