Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Öncə Vətən!” hərbi-vətənpərvərlik sosial layihəsi çərçivəsində Qubadlı rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar videoçarx hazırlanıb.
Videoçarxda məcburi köçkünlər – Qarabağ qazisi Mahir Abbasov və Qubadlı ərazi özünümüdafiə batalyonunun komandiri olmuş Dağbəyi Məhyəddinov qubadlılıların döyüş ruhu, rayonun müdafiəsi, işğala şərait yaradan amillər barədə fikirlərini bölüşür, qüdrətli ordumuzun doğma torpaqlarımızı düşməndən azad edəcəyinə əminliklərini bildirirlər.
Dövlət Komitəsi “Öncə Vətən!” sosial layihəsinə avqustun 10-da start verib. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər və gənclərin iştirakı ilə keçirilən görüşlər əsasında 100-dən çox videoçarx hazırlanıb. Məcburi köçkünlər Ali Baş Komandana və rəşadətli ordumuza dəstək, şəhid olan hərbçilərimizə ehtiramlarını ifadə ediblər.