Noyabrın 22-də Azərbaycan Turizm İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə "Turizm və rekreasiya: problemlər və perspektivlər" adlı İkinci Ümumrespublika elmi-praktiki konfrans keçirildi.
Azərbaycanın bir sıra ali təhsil müəssisələri və turizm şirkətləri nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə ATİ-nin rektoru Cəfər Cəfərov açdı. Konfransın məqsədi ilə bağlı məlumat verən rektor bildirdi ki, hər bir sahədə olduğu kimi, turizm sahəsinin inkişafının kökündə də onun elmi əsaslara söykənməsi durur: "Ona görə də Azərbaycanda bu sahənin çox da böyük sayda olmayan mütəxəssislərini bir araya gətirmək, bu prosesdə sənaye və elm adamları arasında müzakirələrin keçirilməsini təşkil etmək, fikrimizcə, çox önəmlidir. Biz də turizm sahəsi üzrə yeganə ali təhsil müəssisəsi olaraq bu məsələni öz üzərimizə götürdük".
Sonra Cəfər müəllim sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verdi. ATİ-nin respublikada özünəməxsus, layiqli bir yer tutduğunu deyən nazir bildirdi ki, təkcə Azərbaycanda yox, eyni zamanda xarici ölkələrdə belə fəaliyyət göstərən ali təhsil müəssisələri institutun keçirdiyi bu konfransla maraqlanır: "Elmi konfransların keçirilməsi bu institutda artıq ənənəyə çevrilib. Üçüncü dəfədir ki, ATİ-də belə bir tədbir düzənlənir. Bir tendensiya olaraq bu, bizi çox sevindirir. Çünki bu gün Azərbaycanda turizm sənayesi elmi əsaslar olmadan inkişaf edə bilməz. Qeyd edim ki, 2 il bundan əvvəl keçirilən konfransın materiallarından biz çox səmərəli istifadə etmişik. Ölkəmizdə hazırda qanunvericilik sahəsində görülən işlərin çərçivəsində Turizm İnstitutunun elmi konfransında səslənən fikirlər və təkliflər öz əksini tapıb. Artıq bir ildir ki, Azərbaycan qanunvericiliyində turizm və rekreasiya zonaları mövcuddur. Bununla bağlı sənədlər hazırlanır, müəyyən işlər görülür. Azərbaycanın iqlimi, imkanları əsas verir ki, hər zonanın turizm potensialı haqqında ayrılıqda düşünək. Hər bir regionda mövcud zonanın formalaşması bizim üçün çox vacibdir. Üstəlik, bu konfranslarda Türkiyə, Şimali Kipr və Yunanıstan nümayəndələrinin iştirak etməsi də xüsusi əhəmiyyət kəsb edir. Çünki beynəlxalq təcrübə olmadan turizm sahəsinin inkişafından danışmaq mümkün deyil".
Nazir prezident İlham Əliyevin turizmi mədəniyyətlə birləşdirməsi qərarının dövlətin bu sahəyə nə qədər böyük diqqət göstərdiyinin sübutu olduğunu vurğuladı: "Dünya ölkələrinin təcrübəsini tədqiq etsək, görərik ki, turizm özü-özlüyündə böyük bir sənayedir. Bir çox ölkələrdə böyük iqtisadi gəlirə malikdir. İndi heç kəsə sirr deyil ki, turizmdə olan maliyyə dövriyyəsi dünyanın bütün ekonomik sahələrindən genişdir. Amma bu gün Azərbaycanın nəhəng enerji sektorunun inkişafı yolunda turizmin ən geniş potensialı xalqımızın mədəniyyətində, irsində və mədəni inkişafında əks edilə bilər. Ona görə də Azərbaycanı bu gün xaricdə tanıtmaq və turist axınının ölkəmizə yönləndirilməsi üçün regionlarda turizmin inkişafı bizim zəngin mədəni sütunların üzərində qurulmalıdır". Azərbaycan dövlətinin bu yöndə siyasətinin uğurla nəticələndiyini deyən Ə.Qarayev bildirdi ki, məhz buna görə də Qobustan abidələri Dünya Mədəni İrs siyahısına daxil edilib: "Artıq Qobustan təkcə Azərbaycanda yox, bütün dünyada turizm incilərindən birinə çevrilib. YUNESKO rəhbərliyi Azərbaycanın bu yöndə fəaliyyətini yüksək qiymətləndirir. Bütün turist şirkətlərinə tövsiyə etmişik ki, hər bir rayonun ərazisində olan türbələri, qədim məzarlıqları, kilsələri, məscidləri cəlbedici bir məqama çevirsinlər və insanlar xalqımızın mədəniyyətinə diqqət yetirərək buraya səfər etsinlər. 2008-ci ilin birinci yarım ilinin nəticələrinə nəzər saldıqda görürük ki, ölkəmizə keçən ilə nisbətən 30 faiz artıq turist gəlib. İnşallah, bütöv il üzrə bu nəticə yəqin ki, 20 faizə qədər olacaq. Amma bu gün dünyada proseslər başqa cür gedir. Ona görə də bütün diqqətimizi Azərbaycanın turizm potensialının dünyada tanıdılmasına yönəltməliyik. Hesab edirik ki, bu konfransın qarşısında duran məsələlərdən biri də ölkə turizminin müxtəlifliyini təqdim etməkdən ibarətdir".
Sonra gənclər və idman nazirinin müavinin İntiqam Babayev çıxış etdi. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı konsulu Erek Çağatay və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Erkan Özeral isə öz çıxışlarında Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğuladılar. Diplomatlar onu da bildirdilər ki, turizm obyektlərinin Şimali Kiprin və Türkiyənin təcrübələrindən yararlana bilməsi üçün onlar əllərindən gələni etməyə hazırdırlar.
Sonra konfransda müxtəlif mövzular üzrə AMEA-nın İqtisadiyyat və Coğrafiya İnstitutları, Azərbaycan Turizm İnstitutu, Mərmərə Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti və Naxçıvan Dövlət Universitetindən olan magistr, dissertant, aspirant və tədqiqatçılardan ibarət 30 nəfər iştirakçının məruzəsi dinlənildi.
Bu məruzələrdə əsas diqqət turizm və rekreasiya ehtiyatlarının tədqiqi, nəzəri və praktiki əhəmiyyəti, turizm bazarının müasir durumu, təhlükəsizliyi və inkişafı mövzularına yetirildi.
Sonda iştirakçılara sertifikatlar verildi.
Səhifəni hazırladı:
Fəxriyyə ABDULLAYEVA