Kino səmimiyyəti, məntiqli fikri, dəqiq xarakteri sevir. Ötən əsrin birinci və ikinci yarısında çəkilən ekran əsərlərinin ideya-bədii keyfiyyəti, fərqli janr və üslubu daha çox realist yaradıcılıq metodu ilə inkişaf etdirilirdi. Məşhur fransız aktyor və rejissoru Jak Tati peşəkarlığın düsturunu bir cümlədə belə ifadə edir: “Mən istəyirəm ki, film siz kinoteatrı tərk etdikdən sonra başlasın”. Bu mənada tamaşaçı qəlbində iz salan, məqamı gəldikcə hər hansı bir kadrına görə xatırlanan filmlər əsl kino əsəri hesab edilə bilər.
Azərbaycan kinosunda məna və məzmununa, həmçinin peşəkar aktyor ifasına görə tamaşaçı qəlbinə yol tapan filmlər çoxdur. Onlardan biri də yaradıcı heyətin peşəkarlığını, ələlxüsus baş rol ifaçılarını böyük sevgi hissi ilə xatırladan “Ögey ana” filmidir. Ailə-məişət mövzusundan bəhs edən bu dramatik ekran əsərini heç də təsadüfdən xatırlamadıq. Azərbaycan teatr, kino sənətinin unudulmaz aktyoru, respublikanın Əməkdar artisti Fateh Fətullayevin sənət yolunda xüsusi yer tutan ekran qəhrəmanından (Arif obrazı), həmçinin kino fəaliyyətindən bəhs edəcəyik.
Peşə məsuliyyəti
1909-cu il sentyabrın 1-də Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açan Fateh Fətullayev ailədə 4 qardaşın böyüyü olub. Ümumiyyətlə, Fətullayev soyadını eşidəndə Azərbaycan mədəniyyətinə böyük töhfələr verən Fətullayevlər sülaləsinin görkəmli nümayəndələri yada düşür. Fateh Fətullayev də sevib-seçdiyi peşəsini ömrü boyu böyük məsuliyyətlə, ali səviyyədə təqdim edən sənətkarlarımızdandır.
Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayan (1932), Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirən (1933), bir il sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olan (on ilə yaxın bu teatrda aktyorluq edib), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış edən (1944), müxtəlif teatrların səhnəsində koloritli ifası ilə teatr ictimaiyyətinin hörmət və rəğbətini qazanan istedadlı aktyorun bir kino obrazı ilə (Arif) məşhurlaşması, yaddaşlarda iz salması rolun təfsirində peşə biliciliyini yaradıcılığının mayakına çevirməsi, xalqının sevimli aktyoru olaraq qəbul edilməsi deməkdir.
Bəşəri bəlaları, insan həyatı üçün təhlükəli, mürəkkəb məsələləri təhlil obyektinə çevirən teatr bir çox hallarda kino sənətkarlarının uğur yolunun başlanğıcı olub. Fateh Fətullayevin kino yaradıcılığının uğurunda da teatr fəaliyyətinin bilavasitə rolu var. Müxtəlif teatrlarda böyük sənət təcrübəsi toplayan aktyor fərqli, əsasən dramatik rolların öhdəsindən bacarıqla gəlməklə yanaşı, həm də xoşagəlimli səsi ilə tamaşaçılarını təəccübləndirməyi bacararmış. Təəssüflər olsun ki, aktyorun hər hansı bir teatr tamaşasındakı rolunu əks etdirən videomaterial olmadığından fikirlərimizi yalnız mənbələrə əsaslanaraq çatdırmalı oluruq.
Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas-tənqidçi İlham Rəhimlinin aktyor haqqında yazdığı məqalədə belə bir məlumata rast gəlirik: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.
Göründüyü kimi, Fateh Fətullayevin dram aktyoru olaraq yetişməsində Akademik Milli Dram Teatrının böyük rolu olub. Azərbaycan kinosu üçün daim baza olan, peşəkar aktyorlara doğru sənət istiqaməti verən, kinoda uğur qazanmalarına şərait yaradan bu teatrın peşəkar sənət ənənələrini tədris edən ustad sənətkarlarımıza bu mənada sonsuz minnətdarlıq hissi duyuruq.
Kinoda sevilmək
Əbu Turxanın (fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov) yaradıcılıq haqqında düşüncələrindən: “Bütün sənətkarlar ictimaiyyətə yaradıcılıq prosesini deyil, onun son məhsulunu çatdırırlar”. Fateh Fətullayevin kino rollarının uğurunun bünövrəsində də böyük sənət təcrübəsi dururdu. Buna görə də o, hər bir kino obrazının xarakterini dəqiq ştrixlərlə çatdırmağa müvəffəq olurdu. Dünya klassiklərinin, eləcə də yerli dramaturqların dram, komediya janrlı əsərlərində müxtəlif surətlər yaradan Fateh Fətullayev, əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, yüksək mədəni davranışına, intellektual qabiliyyətinə, səhnə yaraşığı verən xarici görünüşünə, şaqraq səsinə, personajların daxili aləmini həssaslıqla duyma bacarığına görə kinorejissorların diqqətindən yayınmayıb, müxtəlif janrlı 10-dan artıq ekran əsərində irili-xırdalı rollar yaradıb: “Aygün” bədii-televiziya filmində sovxoz direktoru, “Bir məhəllədən iki nəfər”də usta Əli, “İyirmialtılar” tarixi-inqilabi filmdə həkim, “Görüş” kinokomediyasında Quluzadə, “Qaraca qız” novellasında Hüseyn bəy, “Əsl dost”da müstəntiq, “Xatirələr sahili” sosial dramında vəzifəli şəxs və s. İstedadlı aktyorun “Ögey ana” psixoloji dramındakı Arif rolu ilə tamaşaçı qəlbində iz salması heç də təsadüfi deyil. Fateh Fətullayev kinoda digər rolları oynamasa belə, Arif obrazının vacib cəhətlərini üzə çıxartdığına, yüksək-mənəvi dəyərləri (rolun təfsirində) təbliğ etdiyinə görə yenə də milli kinomuzun simalarından biri kimi qəlbləri fəth edəcək, seviləcəkdi.
Peşəkarlığın mayakı
Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Həbib İsmayılovun kino fəaliyyətinə bir neçə sənədli və iki tammetrajlı bədii (“Ögey ana” – 1958, “Böyük dayaq” – 1962) film daxildir. Əsasən kənd həyatını, zəhmətkeş insanların mərd və əzmkarlığını canlı, emosional, inandırıcı ekranlaşdıran rejissor, həmçinin doğru aktyor seçimi etməklə də hər iki filmin ekran taleyinə uğur qazandırıb. “Ögey ana” filmi Azərbaycanın kino tarixində ən uğurlu ekran əsərlərindəndir. Rejissor filmdə Arif rolunu Fateh Fətullayevə həvalə etməkdə heç də səhv etmədi. Aktyor da ona olunan etibarı doğrultdu və realist üslubda ifa etdiyi rolu ilə tamaşaçıların yaddaşında silinməz iz qoydu.
Ailə-məişət mövzusunda çəkilən filmdə rolu həcminə görə deyil, xarakterik cəhətinə, yüksək mənəvi keyfiyyətinə, daxili mədəniyyətinə görə alqışlayan tamaşaçı üçün personajın nüfuzu sanki film boyu hadisələri müşayiət edir, proseslərin sonluğuna xoşməramlı cığır açır. Hadisələrin əvvəlindən Arif-Dilarə cütlüyünün qarşılıqlı mədəni ünsiyyəti, hadisələrə intellektual yanaşması filmin ideya bədii dəyərini artıraraq hər bir kadrına diqqət kəsilməyimizə, dramatik hadisələrin hansı sonluqla nəticələnəcəyini maraqla izləməyimizə zəmin yaradır. Yüksək mənəvi keyfiyyət daşıyıcılarının, formalaşmış şəxsiyyət sahiblərinin (mühəndis və həkim) qarşılaşdığı çətinlikləri necə aradan qaldıracaqlarını, mürəkkəb vəziyyətlərdən hansı yolla çıxacaqalarını diqqətlə izləyən tamaşaçı üçün həyatı dağılmış ortayaşlı insanların ailə xoşbəxtliyini yenidən necə əldə etməsi, çətinliklərə (ailədaxili münaqişələrə) rəğmən qarşılıqlı hörməti qorumaları həyat dərsinə çevrilir. Bütün dövrlər üçün aktual olan mühüm mövzulu ekran əsərinin tamaşaçı qəlbinə yol tapmasının başlıca səbəbi də elə budur. İctimai münasibətlərin fonunda faydalı insan olmaq, gözəl insani cəhətləri təlqin etmək isə əsas rol ifaçılarının (Fateh Fətullayev, Nəcibə Məlikova) üzərinə düşür.
Ariflə Dilarənin mənəvi dünyalarının gözəlliyinin vəhdəti qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına imkan yaradır. Arif xoşbəxtliyin mənbəyini görən, dəyərləndirən, evini, oğlunu sevdiyi müdrik qadına əmanət edən kamil obrazdır. Bu cütlük qarşılıqlı sevgi və inamlarına, mənəvi cəhətlərinin üstünlüyünə, yaranan ziddiyyətlərin öhdəsindən qətiyyətlə gəldiklərinə, dəqiq münasibət, nümunəvi xarakter göstərdiklərinə görə sevilirlər.
Tamaşaçı kinoda görmək istədiyini görəndə ekrana daha yaxın əyləşir, hadisələri mənimsəyir, qəhrəmanını aliləşdirir. Yüksək mənəvi dəyərlərə malik olan Arif həm evi, həm eli, həm də ümumiyyətlə, kino üçün vacib personajdır. Fateh Fətullayevin özünəməxsus, orijinal çalarlarla yaratdığı Arif obrazı müsbət keyfiyyətlərin daşıyıcısı olduğuna görə aktyora böyük şöhrət qazandırdı.
İnsan ömrü boyu ətraf mühiti duymaq, qavramaq, öyrənməklə məşğuldur. Bu mənada məslək seçimi, əmək fəaliyyəti, ictimai fəallıq həm idrak prosesinə çevrilir, həm də mənəvi təkamülü yaradaraq şəxsiyyətini təsdiqləməyə imkan verir. Filmdəki yüksək mənəvi keyfiyyət daşıyıcılarının (Arif, Dilarə) aşıladığı maddi-mənəvi aləmin gözəlliyinin, insan əməyinin önəminin, estetik idrakın, hisslərin cəmində ali məqsədlərin (yollar salmaq, insanları sağlamlığına qovuşdurmaq) yanında ailə-məişət problemlərinin (ailədaxili ziddiyyətli münasibətlərin) cılız qaldığını, çılğın xarakterlərin (Qəmər xala, İsmayıl, Fatmanisə və s.) dəyişməyə məcbur olduğunu görürük. Bu mənada insan ləyaqətini qoruyan amillərin (mədəniyyət, qabiliyyət) qalib olması fikrini filmin leytmotivi kimi qəbul edirik.
Kəndin ictimai həyatına dəyişiklik (gözəllik) gətirən, cəmiyyəti mənasız ziddiyyətlərdən çəkindirən (Fatmanisənin avam şərhi) xeyirxah əməl sahibi, incəqəlbli Dilarə film boyu ögey ananı doğmalaşdıran xüsusiyyətləri təlqin edir. Nəcib xanımın nümunəvi cəhətlərini maraqla izləyən tamaşaçı, eyni zamanda ikinci planda qalan Arif surətini məmnunluq hissi ilə izləyir. Çünki ictimai münasibətlərdə estetikliyin mənbəyi və ifadəsi, gözəlliyin təzahürü olan Dilarə obrazı məhz insanlıq mündəricəsini zənginləşdirən müsbət xarakterli Arifin seçimidir. Onu mehriban ana kimi oğluna təqdim edən də, gərəkli peşə sahibi olaraq kənd ictimaiyyətinə tanıdan da Arifdir. Beləliklə, yüksək mənəvi-əxlaqi keyfiyyət daşıyıcıları olan obrazların ictimai fəaliyyəti, həyat tərzi təkcə personajların yox, həmçinin bütünlükdə filmin uğurunu təmin edir. Sevilən obraz (Arif) bütöv yaradıcılığın uğur imzası olaraq aktyor peşəkarlığının mayakına çevrilir, şəxsiyyətini böyük hörmət və rəğbət hissi ilə xatırladır.
Şəhla ƏMİRLİ
kinoşünas