Beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) təşkilatçılığı ilə keçirilən “20-ci FİAP Təbiət Bienalesi” adlı beynəlxalq fotomüsabiqəsinə yekun vurulub. İki ildə bir dəfə təşkil olunan müsabiqə bu dəfə Rusiyanın Çelyabinsk şəhərində gerçəkləşib.
Müsabiqəyə dünyanın 33 ölkəsindən fotoqraflar qatılıb. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.
Fotoların qiymətləndirməsi prosesi fərdi və ümumi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Qaydalara əsasən, ən çox bal toplayan federasiya FİAP-ın kuboku, iki, üç və dördürcü yerlər isə müvafiq olaraq qızıl, gümüş və bürünc medalları, 5-10-cu yerlərin sahibləri isə FİAP-ın xüsusi lentlərini qazanır. Yarışmanın hər bir iştirakçısına elektron və çap şəklində müsabiqənin kataloqu göndəriləcək.
“Gilavar” Azərbaycan Foto Klubunun həmsədri, FİAP təşkilatının Azərbaycan üzrə nümayəndəsi, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev bildirib ki, ölkəmiz müsabiqədə 19 fotoqrafla təmsil olunub. “Gilavar” Azərbaycan Foto Klubunun və Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən “dağlar” (rəqəmsal) və “quşlar” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotolar üzrə fotoqraflarımız müvafiq olaraq 146 və 89 bal toplayıblar. Ümumilikdə əldə olunan balların sayəsində ölkəmiz hər iki mövzuda 28-ci yerə layiq görülüb.
Avqustun 27-də Çelyabinskdəki Cənubi Ural Dövlət Tarix Muzeyində müsabiqənin yekunlarına dair sərgi açılıb. Mərasimdə müsabiqədə iştirak etmiş ölkələrin, o cümlədən Azərbaycanın bayrağı da dalğalanıb.
Qeyd edək ki, Azərbaycan fotoqrafiyasını dünya fotomüsabiqəsində Vüqar Əmrullayev, İlqar Cəfərov, Dilavər Nəcəfov, Rəşad Mehdiyev, Roman İsmayılov, Aydın Məmmədov, Tofiq Babayev, Fəxrəddin Abdullayev, Rüstəm Məhərrəmov, Cəlal Firidunov, Tapdıq Abdullayev, Elvin Abdulla, Elşən Əliyev, Könül Süleymanlı, Rəşad Xıdırov, Samir Müştaqov, Elşən Ağalarov, Ruslan Məmmədov və Mahir Rüstəmov təmsil ediblər.
Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun beynəlxalq dərəcə statusuna malik fəxri adlarına layiq görülən 4 fotoqraf var.