Yaponiyanın “SkyDrive” startap şirkəti pilot tərəfindən idarə edilən “uçan avtomobil”in sınaqlarını kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib.

Mərkəzi ofisi Tokioda yerləşən şirkət “uçan avtomobil”in sınaqlarına ötən ilin dekabrında başlayıb. “SkyDrive” şirkətinin “Toyota” və digər avtomobil şirkətlərinin sabiq əməkdaşları ilə birgə hazırladığı avtomobillərdə pilotsuz uçan aparatların propellerindən istifadə edilir.

KİV nümayəndələri üçün təqdim edilən SD-03 modelinin sınaqları zamanı pilot bu nəqliyyat vasitəsini idarəetmə dəstəyi vasitəsilə istiqamətləndirib. Avtomobilin uzunluğu təqribən 4 metrə, hündürlüyü isə təqribən 2 metrə çatır.

Sınaqlar zamanı təqribən iki metr hündürlüyə qalxan avtomobil sınaq meydançasında saatda 4 kilometr sürətlə hərəkət edib.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, “SkyDrive” Yaponiyada pilot tərəfindən idarə edilən “uçan avtomobil”in uğurlu sınağını keçirən ilk şirkətdir. Hazırda bütün dünya yollarda tıxacları aradan qaldırmağa yardım edəcək bu avtomobillərin istehsalını səbirsizliklə gözləyir.

SƏBİNƏ