“Qızıl şir” uğrunda yarışda azərbaycanlı rejissorun filmi də var
Sentyabrın 2-də 77-ci Venesiya Film Festivalının açılışı keçirilib. Bu, pandemiya səbəbindən bir çox festivalların təxirə salınmasından sonra təşkil olunan ilk böyük kino forumudur.
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ənənəvi qala mərasimi olmayıb.
Açılış mərasimi müxtəlif platformalarda striminq vasitəsilə və açıq havada ekranlarda yayımlanıb.
Festivalın açılış mərasimi Ennio Marikonenin “Bir dəfə Amerikada” (1984) filminə bəstələdiyi musiqinin səsləndirilməsilə başlayıb.
Açılış zamanı Domeniko Starnonenin romanı əsasında italiyalı rejissor Daniel Lukettinin 2017-ci ildə çəkdiyi “Ailə bağları” (Lacci) filmi nümayiş olunub. Film xoşbəxt olmayan bir ailənin həyatı və qəhrəmanların başına gələn hadisələrdən bəhs edir.
Mərasimdə britaniyalı aktrisa Tilda Suinton kinematoqrafiya sahəsinə verdiyi töhfələrə görə “Müqəddəs Markın şiri” mükafatına layiq görülüb. Festivalda ispaniyalı rejissor Pedro Almodovarın ekranlaşdırdığı və baş rolu Tilda Suintonun canlandırdığı “İnsan səsi” (“The Human Voice”) filmi təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq Venesiya Beynəlxalq Film Festivalının “Qızıl şir” mükafatı uğrunda yarışda rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” tammetrajlı bədii filmi də yer alıb. Ekran əsəri Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir.
Filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.
Sentyabrın 12-dək davam edəcək 77-ci Venesiya Beynəlxalq Film Festivalının proqramına 18 tammetrajlı və 15 qısametrajlı film daxil edilib.