Azərbaycanın da turizm imkanları təqdim edilib Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələr büdcəsini bu sahədən əldə edilən gəlir hesabına formalaşdırır. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər çoxdur. Çünki bu sahənin inkişafı üçün kifayət qədər potensialımız var. Üstəlik, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə turizm sahəsi böyük nailiyyətlər qazanır və gün-gündən inkişaf edir. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi demək olar ki, bütün beynəlxalq turizm sərgilərində, forumlarda, tədbirlərdə respublikamızın iştirakını təmin edir. Təbii ki, bu tədbirlərin hər birində iştirak yeni-yeni əlaqələr və ölkəmizə turist axını deməkdir. Noyabrın 23-24-də Yunanıstanın Afina şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Səyahət Agentlikləri Assosiasiyalarının Əməkdaşlıq Forumu da xarici ölkələrlə turizm sahəsində əməkdaşlığın yaranmasında atılan addımlardan biridir. Bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Səbinə Zadayevanın qəzetimizə verdiyi məlumata görə, forumun əsas məqsədi QDİƏT regionunda turizmin gücləndirilməsi, regionun dünyada ümumi turizm məkanı kimi təbliği və turistlərin cəlb edilməsi məqsədilə təşkilata üzv ölkələrin turizm və səyahət agentlikləri arasında şəbəkənin yaradılmasından ibarətdir: "Tədbirdə Azərbaycanla yanaşı, Albaniya, Gürcüstan, Ermənistan, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Ukraynanın dövlət qurumlarının və özəl sektorunun nümayəndələri iştirak edirdilər. Bundan əlavə, QDİƏT-in əlaqələndirici qurumları olan BSEC BUSINESS COUNCIL və BSEC PERMİS-in nümayəndələri də müşahidəçi qismində forumun iştirakçısı idilər". Səbinə xanımın dediyinə görə, nazirliklə birgə forumda "Bon Voyage" şirkətinin nümayəndəsi də iştirak edib. Yunanıstan Respublikasının sədrliyi çərçivəsində keçirilən tədbirin işinə Yunanıstanın Turizm Nazirliyinin İkitərəfli və beynəlxalq əlaqələr sektorunun müdiri xanım Mariya Tassiu və Yunanıstanın Turizm və Səyahət Agentlikləri Assosiasiyasının prezidenti xanım Argiro Fili sədrlik ediblər. Xanım Mariya Tassiu giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb və forumun işinə uğurlar arzulayıb. Nazirlik sözçüsü bildirdi ki, forumun gündəliyinə uyğun olaraq hər bir ölkə öz turizm potensialına dair təqdimat edib: "Mən də öz növbəmdə Azərbaycanın turizm potensialını əks etdirən təqdimatımı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində görülən işlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdım. Tədbirin davam etdiyi müddət ərzində QDİƏT üzvü olan dövlətlərin nümayəndələri öz ölkələrində turizm üzrə milli siyasət və davamlı turizmin inkişafı istiqamətində aparılan işlər haqqında çıxış etdilər. İştirakçılar arasında görülən işlərlə bağlı məlumat mübadiləsi də oldu. Bundan əlavə, forumda adıçəkilən qurum çərçivəsində əməkdaşlığın əhəmiyyətinə milli turoperatorların diqqətinin cəlb olunması məqsədilə dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın inkişafının təşviq olunması qərara alındı". S.Zadayeva onu da dedi ki, tədbirin sonunda QDİƏT-ə üzv dövlətlərin Səyahət Agentlikləri Assosiasiyalarının Əməkdaşlıq Forumunun hesabatı və əməkdaşlıq üzrə protokolu hazırlanaraq nümayəndələrə təqdim olunub.