Onu maraqlı sənət adamı kimi tanıyıram. İstədim müsahibə də elə bu ovqatda olsun. Aktyor, rejissor, dramaturq, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə yaşadığı 60 illik ömür yoluna nəzər saldıq...

 

– Ömrün yaşı altmışa çatıb. Az rəqəm deyil. Necə düşünürsünüz, həyat sizin istədiyiniz axarla davam etdi? Qarşıdakı illərdən gözləntiləriniz nədir?

– Bəli, altıncı onilliyin tamamındayam. Bu yaşa çatdığıma görə şükür edirəm. Mən iki dəfə, gənc yaşlarımda Allahın lütfü ilə ölümün pəncəsindən xilas olmuşam və ömrümü bu günə qədər hər zaman şükranlıqla yaşamağa çalışmışam. Qarşıdakı illərdə bizi nələrin gözlədiyini bilə bilmərik. Sadəcə, Tanrının bundan mənə yazdığı ömrümü cəmiyyətimizə, sənətimə, millətimizə, dövlətimizə yararlı olmağa çalışacağımdan əminəm. Özünü dərk edən hər bir insan üçün bundan gərəkli və feyzli bir həyat ola bilməz. O ki, qaldı bu günə qədərki həyatın “mənim istədiyim kimi davam etdimi?” sualına, əlbəttə ki, yox... Amma mən bundan razıyam, ona görə ki, əgər istədiyim kimi davam etsəydi, onda ömür mənasız olardı. Çünki istəklə uyğunlaşan ömrün adrenalini olmur. Öndəki sürprizlər və asan-çətin döngələr səni formalaşdırır, mübariz edir, zəhmətkeş edir, həm də ümumən hər zaman ömür vərəqlərinin yeni səhifələrindəki gözlənilməz hadisələrə sinə gərmək üçün bütün idrakını, zehnini və fiziki gücünü qoruyub saxlamaq üçün immunitet yaradır. Yaş artdıqca artacaq olan arzu və istəklərim, vətənimizi heç vaxt darda görməmək, millətimizin xoşbəxtliyi və haqqımız olan hər şeyi Tanrının bizə nəsib etməsidir!...

 

– Müəyyən yaşdan sonra aktyorları ən çox narahat edən cəhətlərdən biri də oynamadıqları rollarla bağlı olur. Sizin belə bir nisgiliniz varmı?

– Elə bir aktyor yoxdur ki, bu mənada onun nisgili olmasın. Mən də onlardan fərqli deyiləm. Mənim nisgilim böyük Mirzə Cəlilin “Ölülər” komediyasındakı Kefli İsgəndərdə qaldı. Kefli İsgəndər mənim üçün haqq-həqiqət simvoludur... Gəncliyimdə, ali təhsil almaq üçün hazırlaşdığım orta məktəb illərində yalnız Kefli İsgəndəri məşq edirdim. Hətta anam gecələr hamı yatdıqdan sonra öz otağımda İsgəndərin monoloqunu söylədiyimi dəfələrlə qapı arxasından dinlədikdən sonra elə bilmişdi ki, gecələr havalanıram. Mollaya dua da yazdırmışdılar. “Kefli İsgəndər” məni Azərbaycan teatr sənəti aləminə qovuşdurdu, lakin içimdə bir nisgilə çevrildi. Bu da taleyin hökmü və qismətidir. Göründüyü kimi, heç də hər şeyin mənim istədiyim kimi getmədiyi təkcə bu faktla özünü ifadə edir.

 

– Ümumən aktyoru amplua çərçivəsinə salmaq onun potensialını, özünüifadə imkanlarını məhdudlaşdırmır ki?

– Əlbəttə ki, məhdudlaşdırır. Aktyor üçün “amplua çərçivəsi” deyilən bir baryer olmamalıdır. Aktyor nə üçün aktyordur? Çünki dəyişə bilmək imkanlarına malikdir. Dəyişə bilən kəs isə müxtəlif xasiyyətləri, hər cür xarakterləri öz daxili dünyasında yetişdirməli, həmin obrazların jestlərini, mimikalarını, səs ahəngini, danışıq manerasını və sair göstəricilərini dəqiqləşdirməli və tamaşaçıya mükəmməl şəkildə təqdim etməlidir. Aktyor o qədər elastik imkanlara malik olmalıdır ki, bütün janrlarda sərbəst cövlan edə bilməlidir. Bəzən görürsən ki, müəllifin yazdığı sözləri aktyorlar dəyişdirirlər. Düşünmürlər ki, müəlliflər işlətdiyi sözləri məhz personajın xüsusiyyətlərinə uyğun bilir və bu cür işlətməyin doğru olduğuna qərar verdikdən sonra onu yazıya alırlar. Aktyor isə həmin sözlərin ifadə formasını özündə tapa bilmədikdə deklamasiya şəklində söyləməyə çalışır, onu obrazın xüsusiyyətlərinə uyğun ahəngə sala bilmir, bu da nəhayətdə qeyri-qənaətbəxş nəticəyə gətirib çıxarır. Təəssüflər olsun ki, bu gün Azərbaycan teatrlarında yeknəsəq, monoton, deklamasiya tərzli ifa nümunələrinə çox rast gəlirik. Bu da tamaşaçını yorur. Axı, səhnədə iki nəfərin ikisi də eyni tonda, eyni tərzdə, eyni jestlər və mimikalarla danışa bilməz! Bu yalnız o halda ola bilər ki, rejissor hər iki aktyorun oyununu məxsusi olaraq monoton təqdim edir və bu da rejissorun hansısa məqsədinə xidmət etdikdə baş verə bilir. Teatrlarımızın tamaşaçı problemlərinin əsaslarından birini də məhz monotonluq bəlası yaradır. Bu məsələdə rejissorlarımızın üzərinə daha çox məsuliyyət düşür. Oyun səhnənin ecazını yaradan əsas meyardır. Əlbəttə, bu elmi əsasları olan bir nəzəriyyədir və başqa vaxtın mövzusudur.

 

– Oynamadığınız obraz qalıbmı? Bu suala obyektiv cavab gözləyirəm, çünki siz teatr rəhbərisiniz və əksər tamaşaların da quruluş müəllifisiniz. Bundan başqa, yazdığınız, tamaşaya hazırlanmış pyesləriniz var və oradakı müəyyən personajlarda rahat şəkildə siz özünüzü tapa və oynaya bilərsiniz.

– Əlbəttə, qalıb. Mən hələ nə oynamışam ki? Bu məqamda mən təəssüflə bizim yaradıcılığa başladığımız dövrün və yenicə sıçrayışa qədəm qoyduğumuz zamanın çox ağır günlərə təsadüf etməsini acı xatirələrlə yad etmək istəyirəm. Bizim aktyor yaradıcılığımıza həmin dövr mənfi təsir göstərdi. Bu təkcə mənimlə bağlı deyil, mənim yaş nəslimin əl-qolunu 1988-ci ildən başlanan məlum hadisələr elə bağladı ki, uzun illər həm yaşımızın üstünə səmərəsiz yaş gəldi, həm də yaradıcılıqdan geridə qaldıq. O ki qaldı indiki məqama, bəli, tamaşalarda oynamağım üçün hər cür şərait var. Ancaq əsas missiyam İrəvan teatrının taleyidir. Bu teatrın bir neçə cəhətdən geniş miqyasda təbliğinə nail olmaqdır. İrəvan teatrının geniş təbliği həm onun bir sənət meydanı kimi yaşaması, tarixi keçmişinin və irsinin qorunub saxlanılması, İrəvanla bağlı ideyaların yaşadılması, həm də Qarabağ mübarizəsinin şüurlarda daha da möhkəmləndirilməsi ilə bağlıdır. Eyni zamanda bu işlərlə yanaşı teatrın repertuar məsələləri önəm kəsb edir. Bizim teatrın öz strategiyası vardır. Axı biz deportasiya həyatı yaşamışıq. Əlbəttə ki, dövlətimizin diqqət və qayğıları ilə əhatə olunuruq, ancaq əsas olan odur ki, biz öz yurdumuzdan didərgin salınmışıq.

Buna baxmayaraq, ənənələrimizi qoruyub saxlamaq, daim inkişaf etmək, dünya birliyinə bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan torpaqları olduğunu çatdırmaq deməkdir. Və biz buna bütün varlığımız və ruhumuzla çalışırıq.

Sualınıza qayıdaraq deyim ki, pyeslərimdə oynayacağım obrazlar vardır. Səmimi etiraf edim ki, bəzən oynamaq da istəyirəm. Hətta məşqlərini etdiyim rollar da olub. Lakin öncə kollektivin, yəni truppanın özünü ifadə etməsi naminə geri çəkilmişəm. Mən yalnız o halda mütləq oynamışam ki, həmin obrazı truppada oynayan başqa aktyorumuz olmayıb.

 

– İftixar müəllim, hər teatrın öz sənət tərcümeyi-halı, keçdiyi yaradıcılıq yolu var. Bu nöqteyi-nəzərdən İrəvan teatrı hər zaman öz yaradıcılıq estetikasına sadiq qalıb və özünün ideyasını, mövcudluq amalını bu xətt üzrə davam etdirir. Bu sizi qane edirmi və yetərlidirmi? Təbii ki, biz tariximizi, faciələrimizi, keçdiyimiz yolu həm də səhnə dəyərlərində görməliyik. Amma sizin fikirləriniz də mənim üçün maraqlıdır.

– Hər bir teatr öz fəaliyyət istiqamətini müəyyənləşdirərkən, heç şübhəsiz ki, müəyyən hədəflərə yol alır. Biri tamaşaçının zövqünə yaxınlaşmağı üstün hesab edir, biri tamaşaçını öz arxasınca aparmağa çalışır. Bizim isə strategiyamız başqadır. Bildiyiniz kimi, İrəvan teatrının 1882-ci ildən başlanan zəngin sənət yolu var. Araşdırmalar göstərir ki, hətta bu sənət ocağının fəaliyyəti daha öncəyə gedib çıxır. Mən hazırda İrəvan Azərbaycan Teatrının tarixinə dair yazdığım monoqrafiyada diqqəti bu barədə səhih məlumlara yönəltməyə çalışıram. Teatrın tarixinə nəzər yetirdikdə qürurla görürsən ki, bu qocaman sənət ocağı hər zaman öz dinamikası, zəngin repertuarı, çoxjanrlı tamaşaları ilə seçilib. Bu ənənələri bu gün də davam etdirir və inkişafa doğru istiqamətləndiririk. Eyni zamanda teatrın deportasiya həyatı yaşadığını nəzərə alaraq vətənpərvərlik ruhu aşılayan, dövlətçiliyimizi tərənnüm edən əsərlərə daha çox yer veririk və bu da çağdaş dövrün tələblərinə xasdır. Müxtəlif formalı, lakin bir hədəfə, İrəvan-Qarabağ həqiqətlərinin təbliğinə tuşlanan tamaşalarımızla istər respublika miqyasında, istərsə də xarici ölkələrdə öz mübarizəmizi təqdim edirik. Xarici səfərlərdə sadəcə sənət ocağı kimi təmsil olunmuruq, eyni zamanda bu missiyanı da layiqincə daşıyırıq. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz daim repertuarımızda vətən, torpaq təəssübkeşliyinə çağıran əsərlərə müraciət edəcəyik.

 

– Yaxşı tamaşa, yaxşı tamaşaçı və ümumiyyətlə, keyfiyyətli səhnə nümunəsi və ya zövqlü tamaşaçı – ən vacibi hansıdır?

– Hər ikisi... Ancaq öncə yaxşı tamaşa olmalıdır ki, tamaşaçını razı sala bilsin, növbəti dəfə yenidən özünə cəlb etsin. Yalnız sonrakı mərhələdə biz tamaşaçının zövq məsələsini tənzimləyə bilərik. Zövqü olan öz yerində, olmayanı da zaman-zaman həm bizlər, həm də ətrafdakı zövqlü tamaşaçılar onları öz sıralarına qaldıra biləcəklər. Yəni zövq məsələsini sənət nümunəsi və zamanın axarı özü tənzimləyəcəkdir. Bir də ki, teatr elə bir sehrli məkandır ki, tamaşaçını öz vurğununa çevirə bilsə, fikrimizi bir qədər də sərt ifadə edək, tamaşaçını öz tamaşaları ilə “xəstəliyə” düçar edə bilsə, teatra ziyarəti onların daimi vərdiş etdikləri gündəlik tələbat ehtiyaclarının birinə çevriləcəkdir. Bunun üçün teatrlarda islahatlar aparmaq lazımdır. Həm də inqilabi islahatlar. Mən “Teatr və reforma” adlı məqaləmdə bütün mütəxəssisləri və ictimaiyyətin diqqətini çağdaş teatr sənətinin inkişaf istiqamətini müəyyənləşdirən nəzəri və praktiki cəhətdən səmərəli olan islahatlar ətrafında fikir mübadiləsi etmək üçün çağırış etmişəm.

 

– Səhnədə müxtəlif obrazlar yaratmısınız və bunlar daha çox tarixi şəxsiyyətlərdir. İftixar Piriyevin səhnə obrazından əlavə həyat obrazı hansıdır?

– İNSAN!... Bütün ömrüm boyu məhz insan olmaq üçün yaşamışam. Təəssüflər olsun ki, bu meyardan sui-istifadə edənlərdən zərbələr də almışam. Mənim üçün insanın dünyaya bircə dəfə gəlişini məhz insan olmağa sərf etməsi ən doğru olanıdır. Allah hər birimizə bir ömür, bir həyat verib. Bu ömrü, bu həyatı insan olaraq yaşamaqdan doğru heç bir həqiqət tanımıram. Mən həmişə, hər kəsə deyirəm ki, HAQQ hər kəsdən ucada bərqərardır. Ona görə də çalışıram ki, haqqı heç bir şəxsi mənafeyə qurban verməyim. Ancaq nə etməli ki, haqqın yolu həmişə dar dolaylardan keçir.

 

– Aktyor, rejissor, dramaturq – bunların üçünü bir vəhdətdə təqdim edə bilmisiniz, ona görə doğrusunu  deyərsiniz: sizdə bunların hansı daha üstündür?

– Doğrusunu deyim ki, yaradıcılığın hər üç sahəsində eyni şəkildə özümü ifadə etməyə çalışıram. Nail olduqlarım isə bu barədə aydın fikir formalaşdıra bilir. Buna əmin olmaq üçün mənim dram əsərlərimi oxumaq və ya rejissorlar tərəfindən səhnə həyatı verilmiş həmin əsərlərin tamaşalarına baxmaq, tamaşaya hazırladığım tamaşaları və oynadığım rolları seyr etmək kifayət edir.

 

– Yuxarıda sadalananlara  publisist fəaliyyətiniz, elmi yaradıcılıq, poeziya, hətta mahnı bəstələməyi də əlavə etsək, üstəgəl inzibati idarəçilik – bunların hansında özünüzü daha rahat ifadə edirsiniz?

– Gəlin, məsələyə belə yanaşaq, təsviri sənətin bir qolu olan rəssamlıq sənəti boyaların biri-biri ilə vəhdətindən böyük bir tablonun yaranmasını təmin edir. Tabloda nə qədər rəng çoxluğu və onların bir-biri ilə qaynağı, müxtəliflik çalarları yaradırsa, həmin əsər daha çox diqqət çəkir. Ən gözəl sənət əsəri rənglər ahənginin zənginliyindən yaranır. Mən də yaradıcılığa belə baxıram. Mənim üçün poeziya, dramaturgiya, nəsr, aktyor və rejissor sənəti, teatr nəzəriyyəsi, praktiki fəaliyyət, musiqi duyumu və heç şübhəsiz ki, həm də rəssamlıq sənəti – bütün bunların hər biri bir rəngin ifadəçisi olaraq, ümumilikdə rənglər toplusuna bənzəyir və mən də bir rəssam kimi ömrümü həmin rənglərdən istifadə etməyə və ahəngdar tablo yaratmağa həsr edirəm. Bu mənada mənim yaratmağa çalışdığım yaradıcılıq tablosunda qeyd olunanların hər birinin yeri, rənglər vəhdəti var.

H.NİZAMİQIZI