Turizm sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi, Ümumdünya Turizm Təşkilatının apardığı təhlillərin nəticəsinə uyğun ölkənin turizm bazarının inkişafı, turizm məhsullarının müxtəlifliyi, həmçinin onun dünya turizm bazarına inteqrasiyası, rəqabətə davamlı turizm bazarının yaradılması və bu sahə üzrə mövcud potensialın təbliği prosesində turizm şirkətlərinin rolu əvəzedilməzdir.

Bu fikri əsas tutaraq, turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə yeni bir qurumun - Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının yaradılması zərurəti yaranıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bununla əlaqədar dekabrın 15-də "Park İnn" mehmanxanasında 160-a yaxın turizm şirkətinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə bir qurumun yaradılmasına ehtiyac duyulduğunu bildirib. Bununla belə, nazir assosiasiyanın təsis edilməsinə hər bir turizm şirkətinin müstəqil münasibət bildirməsini istəyib və tövsiyə edib ki, şirkətlərin özləri qurumun hansı formada yaradılacağı və fəaliyyətini necə quracağı ilə bağlı razılığa gəlsinlər.

Sonra təklif səsə qoyulub. Tədbirdə iştirak edən bütün şirkətlərin nümayəndələri yekdilliklə qərara gəliblər ki, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının yaradılmasına ehtiyac var. Beləliklə, Turizm-İnformasiya Mərkəzi, Azərbaycan Turizm İnstitutu və turizm şirkətindən bir nümayəndə olmaqla, üç nəfərlik təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupu 1-2 ay müddətində qurumun necə yaradılması, hansı istiqamətdə fəaliyyət göstərməsi ilə bağlı təklifləri ümumiləşdirib paket halında təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Turizm Şirkətləri Assosiasiyası Mədəniyyət və Turizm Nazirliyinin xəttinə uyğun fəaliyyət göstərəcək.

FƏXRİYYƏ