Onun cizgi filmləri ilə sovet dövrünün uşaqları yaşa doldu, böyüdü. Bu filmlərdəki səmimiyyəti və tərbiyəni özləri ilə gələcək nəsillərə ötürdülər. Bu cizgi filmləri uşaqlara dostluğu, səmimiyyəti və dürüstlüyü öyrətdi. “Qar kraliçası”, “Çeburaşka”, “38 tutuquşu” və digər sevilən cizgi filmlərinin rejissor və rəssamı, sovet cizgi filminin əfsanəsi sayılan Leonid Şvartsman 100 yaşını qeyd edib.

Dünyaya gəlişi (30 avqust 1920-ci il) Rusiyada Vətəndaş müharibəsi dövrünə təsadüf edən Leonid Şvartsman atasız böyüyür, anası isə Böyük Vətən müharibəsində Leninqrad blokadasında həlak olur. Özü isə möcüzə nəticəsində müharibənin od-alovundan çıxa bilir. Müharibə bitdikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur və tələbə ikən “Soyuzmultfilm” kinostudiyasında çalışmağa başlayır.

100 yaşlı rejissor bu gün “uşaqlara deməyə sözüm var” kəlməsini fəxrlə dilə gətirə bilir. Çünki, əgər dünyaca məşhur Uolt Disney dünyadakı uşaqlara  Mikki və Mausu hədiyyə edibsə, Şvartsman da Çeburaşkanı yaradıb. Eduard Uspenskinin “Timsah Gena və dostları” əsərini oxuyanlar bilir ki, hekayədə Çeburaşkanın xarici görünüşü haqqında elə bir məlumat yoxdur. Çeburaşkanın xarici görünüşünü, qulaqlarını və səmimiyyətini məhz böyük rejissor Şvartsman yaradıb.

Uzun illər cizgi filmi sahəsində çalışan, çoxsaylı mükafatların laureatı olan rejissor sovet qanunlarına əsasən həmişə sadə yaşayıb. İlk mükafatını isə 60 yaşında alıb. 2002-ci ildə Rusiyanın Xalq rəssamı fəxri adına layiq görülən sənətkar 100 illik yubileyi ərəfəsində  Rusiya Prezidenti tərəfindən ölkənin mədəniyyəti və incəsənətinin inkişafındakı töhfələrinə, eləcə də uzun illər səmərəli fəaliyyətinə görə “Aleksandr Nevski” ordeni ilə təltif edilib.

LALƏ