Cabbar Şıktaş: “Azərbaycanla bağlı yazmağı özümüzə mənəvi borc, həm də şərəf bilirik”
Qardaş Türkiyənin tanınmış media orqanlarından olan və bu günlərdə 66-cı yayım ilinə qədəm qoyan “Yeşil İğdır” qəzeti biz azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Bu, vaxtilə Azərbaycandan Türkiyənin İqdır şəhərinə köç edən və orada məskunlaşan soydaşlarımızın qurduğu qəzet olmaqla bərabər, vətənimizin hərtərəfli təbliğatına xidmət edib. Bu ənənə 1955-ci ildən bəri davam edir.
“Yeşil İğdır” Türkiyədə yaşayan azərbaycanlıların yarım əsrdən çox zaman kəsiyində fasiləsiz nəşr olunan yeganə qəzetidir.
Qəzetin redaktoru Cabbar Şıktaş bildirir ki, ata-babaları Azərbaycandan Türkiyəyə təxminən 1915-ci ildə köç ediblər və İqdırın Qaraqoyunlu kəndində yerləşiblər: “1950-ci illərdə İqdırda qəzet yox idi. “Yeşil İğdır”ın ilk nömrəsi 1955-ci il sentyabrın 1-də mərhum jurnalist, əmim Fazil Şıktaşın redaktorluğu ilə çıxıb. Ötən dövrdə obyektiv və qərəzsiz yazıları ilə bərabər Azərbaycana dair mövzulara üstünük verdiyi üçün geniş oxucu kütləsi qazandı. Sonrakı illərdə baş redaktorlar Salih və Sabri Şıktaşlar da bu ənənəni davam etdiriblər. Təsadüfi deyil ki, Azərbaycana dair media məlumatları əldə etmək istəyənlərin ən çox müraciət etdikləri mənbə “Yeşil İğdır”ın arxivləridir”.
Sözügedən dönəmdə Azərbaycan (Sovet İttifaqı) ilə Türkiyə arasında geniş əlaqələr olmadığından məlumatlar “Bakı” radiosu vasitəsilə alınırmış. Həmsöhbətim bu barədə belə deyir: “Mən o zamanlar uşaq idim. Amma xatırlayıram ki, atam, əmim radionu dinləyər, məlumatları ordan alıb verərdilər. Yəni o dövrün şərtlərində ancaq belə məlumat əldə etmək mümkün idi. Türkiyə qəzetlərində də Azərbaycanla bağlı məlumatlar yer alırdı ki, onlardan da istifadə olunurdu. Biz sovetlər dönəmində Azərbaycanın öz müstəqilliyinə qovuşmasını istəyirdik və yazılar da təxminən bu istiqamətdə olardı”.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına başladığı günlərdən Dağlıq Qarabağla bağlı həqiqətlər “Yeşil İğdır”ın manşet xəbərlərinə çevrilib. Bu vətənpərvərlik ənənəsi indi də davam edir.
Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, həyatın bütün sahələrinə aid məlumatlar “Yeşil İğdır”ın gündəlik səhifələrində yer alır.
Həmsöhbətim deyir ki, 70-ci illərdə İqdırda yaşayan və əslən qədim İrəvan şəhərindən olan Hamid Dönmez adlı soydaşımız qəzetin səhifələrində erməni vəhşiliyindən bəhs edən yazılar yazıb: “Hamid bəyin ailəsi İrəvanda gözü önündə öldürülmüşdü və gördüklərini yazırdı. Çox təsirli yazılar idi”.
Cabbar Şıktaş sonda deyir: “Yeşil İğdır”ın ana səhifəsində Azərbaycanla bağlı yazı yoxdursa, deməli, həmin nömrəmiz “kor insan” kimidir. Azərbaycanla bağlı yazmağı özümüzə təkcə mənəvi borc yox, həm də şərəf bilirik”.
Mehparə SULTANOVA
Ankara