Özbəkistan vətəndaşı, Qaşqadərya vilayətinin sakini Cumanazar Xalmuradov piyada Həcc ziyarətinə (kiçik Həcc ziyarəti – Ümrə; Qurban bayramı ilə bir vaxtda icra olunan Həcc ziyarətindən fərqli olaraq, ilin bütün vaxtlarında getmək olar – red.) yola düşüb. O, artıq ölkənin Qaraqalpaq vilayətinə çatıb.
Burada C.Xalmuradovu vilayət sakinləri qarşılayıblar. Onun arzusunu nəzərə alan yerli əhali yurta (milli çadır) qurub, səyahətçini Qaraqalpaq milli yeməklərinə qonaq edib, xalq musiqisi səsləndirilib.
Cumanazar Xalmuradov yerli jurnalistlərə müsahibəsində deyib ki, dekabr ayında Məkkədə olmağı planlaşdırır. Vurğulayıb ki, Məkkəyə piyada getmək çoxdankı arzusu olub və bu il arzusunu reallaşdırmaq niyyətindədir.
Lakin pandemiya ilə bağlı bir çox ölkələrin (o cümlədən Səudiyyə Ərəbistanının) sərhədlərinin bağlı olduğu nəzərə alınarsa, özbək zəvvarın bu səyahətinin necə reallaşacağı sual doğurur.