Sumqayıt Dövlət Dram Teatrında COVİD-19 pandemiyası səbəbindən uzun müddət onlayn fəaliyyət göstərmiş rəhbər heyətin və inzibati işçilərin toplantısı keçirilib.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov karantin dövründə əməkdaşların virtual repertuar siyasətinin qurulmasında xidmətlərini vurğulayıb, onlayn məşqlərin davam etdiyini söyləyib. Bildirib ki, onlayn formada olsa da, məşqlər, yaradıcılıq müzakirələri davam edəcək. Zərurət yaranacağı halda müəyyən işçilərin fəaliyyəti müvafiq qaydalara əməl etmək şərti ilə mümkün olacaq.
Daha sonra Sumqayıt Dövlət Dram Teatrının 52-ci teatr mövsümünün açılışı və eyni zamanda, cari ayda nümayiş olunacaq virtual repertuar planı barədə müzakirələr aparılıb.
Sonda teatrın direktoru kollektivə pandemiyanın davam etdiyi dövrdə ehtiyatlı, tədbirli davranmağı, sosial məsafəni gözləməyi, tibbi maska və digər ləvazimatdan istifadə etməyi tövsiyə edib.