Sənət adamlarını, rəssamları yer üzünün digər sakinlərindən fərqləndirən nədir? Nüfuzu, dünyaya baxışı, sənət yanğısı və sənət çoşqusu... Nə çoxdur cəmiyyətdə onilliklərlə yaradıcılıq üslubunu və dəst-xəttini cilalayan və bununla da rəğbətimizi, misilsiz sevgimizi qazanan rəssamlar. Əslində belə rəssamların incə ruhlarına hopmuş əsərləri sehrli cazibəyə malikdir. Bu da təbiidir. Haqqında yazmaq istədiyim rəssam da həmin sənətkarlardandır.
Parlaq və bir qədər də qeyri-adi rəsmləri insanı düşündürür. Süjet hardan yaranıb və bu kimi suallar insanı düşünməyə vadar edir. Onun işləri üçün, demək olar ki, həmişə taqətsiz və eyni zamanda şövqlü fəal seyrçi mövqeyində dayanmış mistik obrazlar səciyyəvidir. Real insanlarla və obyektiv gerçəkliklə bənzərlik tapa biləcəyimiz elə də çox əsəri yoxdur. Fiqurların aşkar sabitliyinə baxmayaraq, bədənlərinin qeyri-təbii çevrilməsi və onların mürəkkəb rakursda təsviri obrazlarına mifik çalarlar qatır. Rəssamın nitqində tez-tez eşidilən harmoniya, balans, plastika sözləri bizi onun haqqında çox məqamlardan agah edir...
Rəşad Rafiq oğlu Mehdiyev 1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur. İki universitetin məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiya İmperator Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, respublikanın Əməkdar rəssamıdır. 2002-ci ildə TÜRKSOY-un təşkil etdiyi “Çanaqqalanın göz yaşları” müsabiqəsinin laureatı olmuşdur. Bakı, Moskva, Sankt-Peterburq və Vyanada fərdi sərgiləri keçirilmişdir.
O, uşaqlıqdan, yəni özünü dərk edəndən rəsmlə məşğul olmuşdur. Sənətin ilk sirlərini atası, Xalq rəssamı Rafiq Mehdiyevin emalatxanasında mənimsəmişdir. 1987-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, orada müəllimi Ənvər Əliyevdən sənətin dərinliklərini öyrənmişdir. Məktəbi bitirdikdən sonra bədii təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. Lakin bütün bunlar da onun sənət dünyagörüşü üçün kifayət etmir və rəssamlığın daha dərin sirlərinə bələd olmaq həvəsi onu İstanbula – Memar Sinan Gözəl Sənətlər Universitetinə aparır.
Onun əsərlərindəki bütün detallar mənanın əsas ideyasını əks etdirir. Tablolarında sanki bir qayda olaraq rəmzlər səpələnib. Lakin rəssam rəmzlərin dilini anlaşılan şəkildə etmir. Kompozisiyalarında tez-tez rast gəldiyimiz alma və quş rəsmləri qədim fəlsəfədən gələn simvollardır.
Rəssam olduqca məhsuldar yaradıcılığını yüksək peşəkarlıq, özünəməxsus təsviretmə qabiliyyəti, kompozisiyalarını məkanda yerləşdirmək məharəti və yaratdığı surətlərin heyrətamiz ifadəliliyi üzərində qurmağa müvəffəq olmuşdur. Üstünlük verdiyi süjet-mövzu istiqamətlərinin əsasında Şərq fəlsəfəsinə və ədəbiyyatına müraciət, sufi ideyaları və Avropa maarifçiliyi fikirləri dayanır. Əsərlərində miniatür sənətinin mücərrəd dekorativliyi ilə əlaqə və müasir incəsənətin parlaq novator tendensiyaları sezilməkdədir. Əsərlərinə parlaq və eyni zamanda xəfif kolorit qatmaqla bir sıra dekorativ detallardan, əlbəsələrdən, baş örtüklərindən və interyer elementlərindən istifadə etməklə düşünülmüş və planlı üslubunun konstruktiv modelini yaradır.
Qadın və kişi surətlərinin ümumiləşdirilmiş, naməlum tipdə birləşdirilmə üslubu Rəşad Mehdiyevin dəst-xətti üçün səciyyəvidir. Rəssam çox zaman personajlarını qapalı gözlərlə də təsvir edir. Onun əsərlərində təsvir edilən əllərə gəldikdə isə, ehtimal edilir ki, bu, rəsmin arxasında gizli mesajı ehtiva edən metaforadır. Ümumiyyətlə, Rəşad Mehdiyev əsərlərində kompozisiyanın mərkəzi olan əlləri çəkməyi çox sevir. Hissləri əldə cəmləşdirən rəssam onların plastikasını tamaşaçıya ötürməklə barmaqların ölçüsünü və uzunluğunu bir qədər uzadır. Bunu bilərəkdən edir və qəribə rəqs təsəvvürü yaranır.
Rəssamlıqla yanaşı, Rəşad Mehdiyev heykəltəraşlıqla da məşğul olur. İlk işlərindən biri olan “Dream” əsəri Bakı Media Mərkəzində yerləşir. Əsər qırmızı rəngli bir qadın fiqurunun azad şəkildə qabağa gedərək nəyəsə nail olma hissindən bəhs edir. Rəssamın yaradıcılığında insanın təkcə təfəkkürünə deyil, hissiyyatına, təhtəlşüuruna təsir edərək həm də təsvir edilən əşyalar, rəmzlər vasitəsilə insanda mürəkkəb təsəvvür yaratmaq meyli təsadüfi deyil. Türkiyədə təhsil aldığı müddətdə rəssam bir neçə dəfə Konyada olmuş və orada Mövlanə Muzeyini ziyarət etmişdir. Bu mənəvi təriqəti öyrənməsinin nəticəsi olaraq sufilərin Allaha, dinə münasibəti, onların ehkamçılıq, durğunluq və zahirliyə qarşı dözümsüzlüyü rəssamın təfəkküründə möhkəm yer tutmuşdur. Bütün bunlar hələ o zamanlar gənc rəssamın daxili dünyasına təsir edir və beləliklə, onun əsərlərində Dərviş obrazı yaranmağa başlayır. Rəssam deyir: “Mən özümü daxilən dərviş olaraq görürəm. Və düşünürəm ki, təkçə mən deyil və hər bir rəssam emalatxanasına daxil olarkən, özünü bir Dərviş olaraq hiss edir. Sufilik sistemi özü məni vadar elədi ki, bu həyatı məhz bu cür yaşayım. İçimdəki dərviş olmasaydı, mən yarada bilməzdim...”.
Hər bir sənətkar daxili dünyasını yaratdığı əsərlərlə sərgiləyir, sənətdə öz sözünü deməklə tarixdə izini qoymuş olur. Rəşad Mehdiyev də əsərləri ilə sənətdə iz qoyacaq rəssamlardandır.
Türkan CƏFƏRZADƏ
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı