XX yüzilliyin əvvəllərində milli teatrın inkişafında mühüm rol oynamış sənətkarların yolu yeni nəsillər tərəfindən uğurla davam etdirilirdi. Əməkdar artist Sadıq Saleh Bağırov da ötən əsrin birinci yarısında sənətə gəlib öz sözünü deyən aktyorlarımızdandır.

Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakıda anadan olub. Erkən yaşlarından teatra maraq göstərir. Orta təhsili başa vurandan sonra 1926-cı ildə Əbilov adına klubda dram dərnəyinə üzv olur. Həmçinin “Qaraşəhər”, “Metallist”, “Həkimlər” klublarının dram dərnəklərində həvəskar aktyor kimi çıxış edir. Bu sahədə təhsil almağı qarşısına məqsəd qoyur. 1929-cu ildə Bakı Teatr Məktəbinə daxil olur. Tələbə ikən Akademik Dram Teatrının yardımçı heyətinə aktyor olaraq qəbul edilir. 1932-ci ildə təhsilini başa vurduqdan sonra elə bu truppada qalıb işləyir.

Sadıq Saleh kollektivdə istedadlı, həm də xarakterik rolların yaxşı ifaçısı kimi tanınır. Çünki o, A.Tuqanov, A.Mudrov, M.Kirmanşahlı və digər görkəmli sənətkarların təcrübəsindən bəhrələnir, peşəkar aktyor kimi yetişirdi. Araşdırmalarda göstərilir ki, aktyor oynadığı rolun böyük və ya kiçikliyindən, mənfi və ya müsbət olmasından asılı olmayaraq, obrazın daxili aləmini tamaşaçılara bacarıqla çatdırıb.

Sadıq Saleh Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində müxtəlif xarakterli rollar oynayıb. Cəfər Cabbarlının “Od gəlini”ndə Qorxmaz, “Almaz”ında Barat və Balarza, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ında Şahbaz bəy, “Xırs quldurbasan”da Koxa, “Vəziri-xani-Lənkəran”da Hacı Məsud, C.Məmmədquluzadənin “Ölülər”ində Hacı Kazım, Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərinin tamaşasında Süleyman bəy, S.Vurğunun “Vaqif”ində Əlibəy, Təlxək, H.Cavidin “Şeyx Sənan”ında Şeyx Hadi, M.İbrahimovun “Közərən ocaqlar”ında Gözətçi və s. obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Aktyor, həmçinin A.Ostrovskinin “Günahsız müqəssirlər”ində Neznamov, N.Qoqolun “Müfəttiş”ində Bobçinski, R.Stoyanovun “Qısqanc ürəklər”ində İvan rollarını da məharətlə yaradıb.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Sadıq Saleh Bağırov uğurlu çıxışı ilə diqqəti cəlb edir. Elə həmin il Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına layiq görülür. Sənətkar daha sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və bir sıra medallarla təltif edilib.

Bir neçə filmdə də çəkilən aktyor kino obrazlarını da doğun, canlı yaradıb. Kinosevərlər onu “O olmasın, bu olsun” (1956) bədii filmində böyük satirik şair Mirzə Ələkbər Sabir obrazında xatırlayırlar. O, “Nəsimi” (1973) filmində isə epizodik rolda çəkilib. Sənətkar dublyaj sahəsində də fəaliyyət göstərib.

Sadıq Saleh Bağırov 27 sentyabr 1977-ci ildə vəfat edib. Aktyorun sənət yolunu davam etdirən oğlu, Əməkdar artist Pərviz Bağırov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında maraqlı rolları ilə yanaşı, kino dublyajı sahəsində də məhsuldar fəaliyyəti ilə tanınır.

Savalan FƏRƏCOV