Azərbaycan Milli Xalça Muzeyi gənc kadrların işə cəlb olunması, onların ixtisasının artırılması və yaradıcı istedadına təkan verilməsi məqsədilə təcrübə proqramını davam etdirir.

Karantin rejiminin yumşalması və muzey fəaliyyətini bərpa etdiyi qısa müddət ərzində burada təcrübə keçmək istəyən gənclərin sayı artıb. Təcrübə proqramında iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Qeyd edək ki, 3 aylıq təcrübə müddəti başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək.

***

Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin müxtəlif mövzulara həsr olunmuş mühazirələri də davam edir.

Muzeydən bildirilib ki, sentyabrın 11-də saat 17:00-da tarix elmləri doktoru Tarix Dostiyevin iştirakı ilə keçiriləcək növbəti mühazirə “Səlcuq dövrü keramikası” mövzusuna həsr olunacaq.

Mühazirədə XI-XII əsrlərdə müsəlman mədəniyyətinin inkişafında önəmli rol oynamış Səlcuq türklərinin hakimiyyəti dövründə yüksək inkişaf edən sənət sahələrindən birinin –  bədii keramikanın ümumi xüsusiyyətlərindən bəhs olunacaq. Həmçinin muzeyin kolleksiyasında saxlanılan Səlcuq dövrünə aid keramika haqqında ətraflı məlumat veriləcək.

Məlumat üçün bildiririk ki, karantin qaydalarına əsasən, mühazirə iştirakçılarının sayı 10 nəfərdən artıq olmayacaq.