Rejissor Hilal Baydarov: “Hiss etməyi başa düşməkdən üstün tuturam. Bunu sənət adlandırmaq istəyiriksə, belə də etməliyik”

Dünyanın ən nüfuzlu film müsabiqələrindən olan Venesiya kinofestivalı bu il 77-ci dəfə keçirilir. Xəbər verdiyimiz kimi, pandemiya səbəbindən bir çox festivalların təxirə salınmasından sonra təşkil olunan ilk böyük kino forumu Azərbaycan filminin iştirakı ilə əlamətdardır. Festivalın əsas müsabiqə proqramında rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də “Qızıl şir” mükafatı uğrunda yarışır.

Hilal Baydarov 1987-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbdə oxuyarkən iki dəfə riyaziyyat üzrə respublika olimpiadasının qalibi olub. 2011-ci ildə Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib. Kompüter elmləri üzrə ali təhsil aldıqdan sonra Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Film Akademiyasında oxuyub, məşhur macar rejissoru Bela Tarrın tələbəsi olub.

Hilal Baydarovun “Adsız yüksəkliklər” debüt filmi 2018-ci ildə Monreal Film Festivalında (Kanada) iştirak edib. 2019-cu ildə “Katex” trilogiyasına daxil olan “Xurmalar yetişən vaxt” adlı sənədli ekran işi 25-ci Sarayevo Film Festivalında mükafata layiq görülüb, “Nyon Visions du Reel” Film Festivalında (İsveçrə) “Dinlərarası mükafat” və “Münsiflər heyətinin mükafatı”nı qazanıb. Müəllifin bu silsilədən “Ana və oğul” filmi “İDFA-2019” (Niderland) festivalında nümayiş olunub.

“Səpələnmiş ölümlər arasında” bədii filmi  Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda ölümlə nəticələnən  gözlənilməz qəzalar yaşayır...

Filmin festival proqramında nümayiş günü 11 sentyabrdır.

Hilal Baydarovun Venesiya Film Festivalı üçün verdiyi müsahibəni təqdim edirik:

 

– Davud qaçır, eyni zamanda bir şey axtarır. Bu ən qeyri-adi yol səyahətidir. Filmin ideyasını necə əldə etdiniz?

– “Portretlər” adlanan ömürlük bir layihəm var. Ən yaxşı tanıdığım insanlar haqqında filmlər toplusu çəkmək istəyirəm. Sadəcə, öz evində bir insanın bir günü. Rembrandt kimi mən də hər il bu insanların portretlərində özümü görmək, necə dəyişdiyimi bilmək üçün bu işə imza atmaq istəyirəm. Çünki insan yalnız başqalarına baxanda özünü görə bilər. İnsanlar öz-özlüyündə bir güzgüdür. Buddanın hekayəsi mənə çox təsir etmişdi... Filmimizdə də hər şey bir gündə və təsadüfən olur. Bu da Davudu yeni bir yola aparır. Davud ilə Buddanın hekayəsi arasında yalnız bir fərq var: Davud başlanğıc nöqtəsinə qayıdır və “gözəllik” tapır.

 

– Davud heç vaxt dumanlı yolun və qəribə səyahətinin onu hara aparacağını bilmir. Ancaq yenə də ümidini itirmir. Onu davam etməyə nə təşviq edir? Davudun xarakterini təsvir edə bilərsinizmi?

– Onun düşünməyə vaxtı yoxdur. Qaçmalıdır. Ancaq hər qaçışla müəyyən bir nöqtəyə sürükləndiyini, həyatını sorğu-suala başladığını hiss edir. Qarşılaşdığı hər ölümlə yavaş-yavaş dəyişir və özünə daha da yaxınlaşır. Ölümdən qurtulmaq bir növ özünə qayıtmaq deməkdir.

 

– Davud özünə şəxsiyyət, mənsubiyyət və xüsusilə sevgi ilə bağlı çoxlu fəlsəfi suallar verir. Niyə filminizdə mövcud olan bu mövzuları araşdırmağı seçdiniz?

– Düzünü deyim ki, “Xurma yetişən vaxt” filminin premyerasına qədər “fəlsəfi” danışdığımı və ya yazdığımı bilmirdim. Nyon şəhərində (İsveçrə) keçirilən “Visions du Reel” festivalında bir tamaşaçı məndən soruşdu: “Sən və anan filmdəki kimi gündəlik həyatda da fəlsəfi danışırsız?” Düşünmürəm ki, fəlsəfi danışırıq. Biz gördüklərimizi danışan sadə ana və oğul kimiyik. Diqqətlə düşündüm ki, niyə insanlar filmlərimdəki dialoqun ekzistensial bir ölçüyə sahib olduğunu düşünürlər. Onlar nadir hallarda ölüm haqqında, bu həyatda niyə olduqları barədə fikirləşirlər. Ümumiyyətlə, çox şey düşünmədən vaxtlarını keçirməyə, əylənməyə çalışırlar. Beləliklə, “ölüm” və “həyat” haqqında danışarkən mövzu fəlsəfi olaraq qəbul edilir. Kənddəki evimizin yaxınlığında qəbiristanlıq var və biz hər gün ölüm görürük.

 

– Davud “bütün həyatınız bir gündə dəyişə bilər” deyir, eyni zamanda “heç bir şey dəyişə bilməz”. Dəyişmənin iki fərqli forması varmı və bunları necə izah etmək olar?

– İnsan təbiətinin dəyişə biləcəyinə inanmıram. Sevinc hər zaman sevincdir, ağrı hər zaman ağrıdır. Min il əvvəl yaşamış insanlar üçün də belə olub və gələcəkdə də belə olacaq. İnanmıram ki, insan təbiətini tərbiyə edən olsun, insan təbiətinin inkişafı deyə bir şey yoxdur. Düzdür, bir insanı dünyaya faydalı etmək olar və ya faydalı ola biləcək bir şey ərsəyə gətirməyinə şövq etmək olar. Amma insan həyatı qeyri-müəyyənlik və ziddiyyətlərlə doludur. İnsan təbiətinin mahiyyəti rəngsiz olduqda gördüyümüz rəngdir – prizmadan ayrılan işığa bənzəyir. İşığa baxanda göyqurşağını görürük, amma mənşəyi saf və rəngsizdir.

 

– Davudu təqib edən üç nəfər dramatik təqibə, demək olar ki, komik bir element əlavə edir. Onların məqsədi nədir və filminizin janrını necə adlandırardınız?

– Davudu onun dairəvi səyahətində izləyirlər. Bu təkcə Davudun çevrəsi deyil, həm də onların çevrəsidir. Davud dəyişdikcə onlar da yavaş-yavaş dəyişirlər. Bu, yalnız Davud üçün deyil, hər kəs üçün təmizlənmə yoludur. Göstərmək istədim ki, Davud bütün insanları əks etdirir, özünəməxsusluğu yoxdur və xüsusi biri deyil. Hər zaman elə bir film çəkməyə çalışıram ki, sanki indiyə qədər ilk film budur, sanki kino hələ icad olunmayıb. Əlbəttə, filmlərin tarixindən çox bilirəm, amma film çəkməyə başlayanda bildiklərimi unutmağa çalışıram. Buna görə filmin quruluşu və ya janrı barədə heç nə deyə bilmərəm.

 

– Əsas aktyorunuz Orxan İsgəndərlini haradan “tapmısınız”?

– O, mənim çox yaxın dostumdur. Birlikdə beş film çəkdik və adı bütün filmlərdə Davuddur. Orta məktəbdə oxuduğum müddətdə “Davud” ləqəbi ilə şeirlər yazmışam və bu da Orxanın anasının əvvəlcə ona vermək istədiyi addır. Görüşdüyümüzdə ondan daha güclü olduğumu düşünürdüm. Sonra zəif olduğumu və ondan öyrənə biləcəyimi başa düşdüm. Ancaq hiss edirəm ki, ikimiz də Davud olmaq istəyirik, çünki onun doğru yolda olduğunu bilirik. Hər zaman filmlərimin baş rolu olacaq. Hətta 2-3 saniyə görünsə belə, baş rolda olacaq.

 

– Davud səfərində fərqli qadın simvolları ilə qarşılaşır, bəziləri güc qazanır, bəziləri onunla görüşərək xilas tapır. Davud onlara daha əvvəl tapmadıqları nəyi verir ki?

– Hamısı eyni – “qara rəngli” qadındır: yalnız müxtəlif formalarda və bədənlərdə. Əslində, heç bir güc və ya xilas yoxdur. Lakin onlar sadəcə ruhun boşluğunu dolduraraq ruhun itkin hissəsini tapırlar: vəhdət.

 

– Həyatda hansı qadınlar sizə ən çox təsir edib, filminizdəki qadın personajlarında rezonans yaradıb?

– Şübhəsiz ki, bu, mənim anamdır. Çünki o, həyatda elə bir maraq tapdı ki, bunu nə kitablarda, əsərlərdə, nə də ki, dərin düşüncələrdə tapmaq olar. Bunu yalnız həyatı yaşayıb tapmaq olar, xüsusilə də ölümdən agah birisi kimi yaşayanda. Mən Larisa Shepitko, Seraphine Louis kimi bir çox qadın sənətkarı əlavə edə bilərəm. Amma həyat sənətdən hər zaman güclüdür.

 

– Ailə faktoru filmlərinizdə böyük rol oynayır. “Katex” trilogiyanızdakı kimi niyə bu tip mövzulara diqqət edirsiniz?

– Əvvəla, ailə həyatda yeganə real mövzudur. Ailə quruluşlarında hər cür münasibət və hiss tapa bilərsiniz. Hər zaman güclü bir ailə mövzusu və ya heyran olduğum hər filmin ortasında öz “həqiqi” ailəsini tapmağa çalışan biri var. İkincisi, gündən-günə anlayıram ki, atama oxşayıram. Bunun necə baş verdiyini bilmirəm, amma demək olar ki, onu dayandırmaq mümkün deyil.

O, mən orta məktəbdə oxuyanda vəfat etdi və o zaman heç bir şey hiss etmədim. Ancaq 7-8 ildən sonra hiss etməyə başladım. Bəzən hiss edirəm ki, mən yox, atam burada oturub. Seçdiyim sözlər, cümlələrimin quruluşu, hətta üz ifadələrim də ona bənzəyir. Bəzən gəzəndə qaçmağa başlayıram, sanki atamın gəzdiyini hiss edirəm və bu hissdən qaçmağa çalışıram. Ancaq görürəm ki, qaçış yoxdur, atam olmuşam. Demək istəyirəm ki, filmləri sanki mən yox, atam çəkir...

 

– Ətraf mühit kinematoqrafiyanızda hansı rolu oynayır?

– Ruhu olduğu üçün təbiət filmlərimizin əsas personajlarından biridir. Mən personajlar arasında təbiət vasitəsilə bir səhnədə ifadə etmək istədiyim hisslər arasında harmoniya qurmağı xoşlayıram. Ədəbiyyatda xarakter yaratmaq üçün çox sayda səhifələr yaza bilərsən, hər şeyi təsvir etmək olar: paltar, mühit, işıq, hərəkətlər və s. Ancaq kameranı açanda kinoda hər şey var. Hərçənd kinonun vizual sənət olduğuna və görə biləcəyimiz şeylərə aid olduğuna heç inanmıram. Film mənim üçün əsasən gizli hisslər, insan təbiətinin gözlərimizin qarşısında paradoksal olaraq görünməyən tərəflərindən ibarətdir.

 

– Minimalist səs mənzərəsi çox maraqlıdır: motosikletin təkrarlanan monoton səsi, şərhsiz və atmosfer musiqisi. Bu, ağlınıza necə gəlib?

– Səslər çox sehrli və mistikdir, çünki onların nə olduğunu tam bilmirik. Hər zaman filmin fiziki məkanı barədə düşünürəm. Haradan başlayır və harada bitir.

 

– Rəsmlərə və ya kitablara baxdığımızda fiziki cəhətlər var, bəs film haradadır? Şəkil ilə səslər arasındakı məsafə nə qədərdir?

– Film - bir anda qarşılaşdıqda, şəkillər və səslər, sözlər və personajlar harmoniyada birləşdikdə bütöv olur. Səsin səsləndirilməsi maraqlıdır, çünki kimin danışdığı, harada olduğu, boşluğun məkanı və aramızdakı səslər arasındakı məsafənin nə qədər olduğu aydın deyil.

 

– Keçmişdə bir neçə sənədli film çəkmisiniz. Bədii film çəkmək təcrübəniz nə ilə fərqlənir?

– Düzünü desəm, sənədli film çəkdiyimi bilmirdim. Heç vaxt “sənədli” və ya “bədii” film çəkmək niyyəti ilə başlamamışam. Heç vaxt filmimin haraya aid olmasına qərar verə bilmirəm. Sadəcə, filmlər çəkirəm, insanlar onları “sənədli” və ya “fantastika” adlandırırlar, amma mən heç vaxt onları ayırmıram.

 

– Venesiyada ilk dəfə olacaqsınız. Festivalın nümayişindən nə gözləyirsiniz?

– Əvvəla, böyük liqaya gəldiyimiz üçün çox sevinirik! Hərçənd ki, bəzən çox utancaq oluram və görünmək istəmirəm, ancaq tamaşaçı tapmaq çox gözəl bir hissdir. Mənim üçün festivalların dəyəri öz ailəsini, qaranlıq otaqda özünü itirənin köklərini başqa bir dünyada tapmasındadır.

 

– Tamaşaçıda hansı sinematik təcrübəni oyatmaq istəyirsiniz?

– Mənə toxunan filmlər məni heç olmadığım yerlərə aparır, amma hər zaman ora məxsus olduğumu hiss edirəm. Mənə lazım olan tək bu hissdir. Bunu mən tamaşaçıdan hiss edəndə özümü dəyərli iş görmüş biri hesab edirəm.

 

– Tamaşaçı filmdən hansı mesajı alacaq?

– Düzünü deyim, bilmirəm. Əvvəldən kino mesaj verməməlidir deyə düşünürdüm. Dostoyevskinin dediyi kimi, insan təbiətinin qaranlıq tərəfi ilə bağlı böyük suallarla məşğul olmalıdır. Heç vaxt öyrətmək və ya təbliğ etmək üçün bir film çəkməmişəm. Hiss etməyi başa düşməkdən üstün tuturam. Bunu sənət adlandırmaq istəyiriksə, belə də etməliyik. Mən həmçinin mühakimə yürütməkdən yayınmaq istəyirəm, çünki inanıram ki, bütün personajlar və əşyalar, canlı və ya cansız, fərq eləmir, filmlərdə eynidir. Bəzən filmlərimizdə “pis” personajın olmaması ilə zarafat edirik, niyə bu qədər başqa filmlərdəki kimi heç kim nifrət etmir və qisas istəmir? Ancaq sonda başa düşürəm ki, kişi və qadın, gənc və qoca, həqiqi və uydurma, hətta ağaclar, yollar, avtomobillər, quşlar, qatarlar, dağlar, pəncərələr, pərdələr eyni mənşəlidir və həyat mənbəyindən gələn işığı ortaya qoyur...

***

Müsahibənin tam variantını ilk olaraq qəzetimizə təqdim etdikləri üçün rejissorun sənət dostlarına və “Film Aç” şəbəkəsinə təşəkkür edirik.

Hazırladı: Lalə AZƏRİ