Rza Deqatinin video-proyektor formatında sərgisi açılıb
Parisin “La Villette Grande Halle” sərgi mərkəzində dünya şöhrətli azərbaycanlı fotojurnalist Rza Deqati və Plantunun birgə “Yağış altında rəqs etmək” adlı sərgisi açılıb. Sərgi yeni video-proyektor formatında təşkil olunub.
Yeni formatda təşkil edilmiş sərgidə Rza Deqatinin Bakıda çəkdiyi şəkillər də nümayiş olunub.
Fotolar klassik sərgilərdə olduğu kimi, kağız üzərində deyil, video-proyektorlarla sərgi zalının divarlarında film formasında təqdim olunub.
Nümayiş olunan fotolar haqqında ətraflı məlumat verilib.
Sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirən Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi bir çox ölkələrdə, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Rza Deqatinin “Odun cazibəsi” və “Günahsızların qırğını” adlı iki foto kitabı işıq üzü görüb.
“Odun cazibəsi” kitabında onun 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar yer alıb. Bu fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin özünəməxsus mənzərəsini yaradıb.
“Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar da yer alıb.