Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə “Bir millət, iki dövlət” adlı sənədli film hazırlayıb.
Filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.
Reportajda qeyd olunub ki, Ermənistanın atəşkəsi pozduğu 12 iyul tarixində Azərbaycan ilə Ermənistan arasında gərginlik yenidən artıb. Ermənistanın ağır artilleriya vasitələrindən açdıqları atəş nəticəsində Tovuz rayonundakı bir qəsəbədə bir çox ev dağıdılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev reportajda Ermənistanın hücumlara Tovuz rayonundan başlamasının səbəblərini açıqlayıb. Hikmət Hacıyev bildirib ki, ermənilərin bəzi strateji hədəfləri var idi, ancaq buna nail ola bilmədilər. İlk hədəfləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığına, Dağlıq Qarabağ probleminə yönələn diqqəti yayındırmaq idi. İkincisi, Azərbaycanın Şərq-Qərb istiqamətində strateji kommunikasiya xətlərinə təhdid yaratmağa çalışırdılar.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev qeyd edib ki, əgər Azərbaycanın xəritəsinə baxsanız, bu bölgənin yalnız Azərbaycan üçün deyil, daha geniş region üçün çox önəmli olduğunu anlayacaqsınız.
Azərbaycan bölgədə strateji layihələr həyata keçirib və bunların onurğa sütunu olan boru kəmərləri, xüsusilə neft və qaz boru kəmərlərinin hamısı Azərbaycan və Ermənistan sərhədinə çox yaxın bir bölgədən keçir.
Süjetdə Prezident İlham Əliyevin “Bizi ilk dəstəkləyən və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermişdir” sözləri təqdim olunub.
Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətləri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı yönəlmiş hər bir hücumun qarşısında yer almaqda əsla tərəddüd etməyəcək” fikirlərinə süjetdə yer verilib.
Süjetdə Azərbaycan və Türkiyə ordularının möhtəşəm birgə hərbi təlimlərindən görüntülər də təqdim olunub.
Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib ki, Azərbaycanın təhlükəsizliyi baxımından Türkiyənin önəmini qeyd etməmək qeyri-mümkündür. Türkiyə bu məsələdə əvəzolunmaz rol oynayır və bu, bizə güc və ərazilərimizi zəbt etməyə çalışan düşmənin cəhdlərinə qarşı döyüşmək cəsarəti verir. Eyni zamanda əməliyyat keçirmək və işğal altındakı torpaqlarımızı azad etməyə hazır olmaq üçün bizə son dərəcə cəsarət verir.
Birgə hərbi təlimlərin önəmini vurğulayan Hikmət Hacıyev bildirib ki, Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri simvolik olaraq emosional və praktiki hissədən ibarətdir. 1918-ci ildə türk əsgərləri qardaşlarına dəstək olmaq üçün Azərbaycana gəldi. Türkiyə üçün çətin bir dövr idi, Birinci Dünya müharibəsi davam edirdi. Buna baxmayaraq, türk əsgərləri erməni daşnaklarının və bolşeviklərin törətdikləri soyqırımını dayandırmaq məqsədilə Azərbaycana qardaş dəstəyi göstərmək üçün gəldilər. 100 il sonra - 2018-ci ildə iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri Bakının mərkəzində birlikdə addımladılar.
Süjetdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı fikirləri təqdim olunub: “Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Biz böyük şair mərhum Bəxtiyar Vahabzadənin gözəl ifadəsi ilə,
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə”.