Milli Azərbaycan Tarixi Muzeyində sərgi ziyarət üçün açılıb
2020-ci ildə bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 9 May – Qələbə Günü ərəfəsində “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi hazırlanmışdı. Lakin pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin tədbirlərinə görə sərgi ictimaiyyət üçün bağlı olub.
Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının fəaliyyətə başlaması ilə bu sərgi də ziyarətçilər üçün açılıb.
Muzeydən bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq ziyarətlə bağlı bütün sanitar-profilaktik tədbirlər görülüb.
Sərginin materialları iki zalda yerləşdirilib. Birinci zalda Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasında rolu diqqətə çatdırılır. Zalda ümumilikdə 20-yə yaxın informasiya panelində və 20 vitrində olan eksponatlar, həmçinin 15-ə yaxın açıq eksponat təqdim olunub.
Sərginin ikinci zalında isə SSRİ, ABŞ və Almaniya ordularının müharibədə istifadə edilmiş hərbi geyim və ləvazimatları göstərilir. Zalda 26 vitrində manekenlər üzərində uniforma, eləcə də silah, ləvazimat və ilk dəfə olaraq müharibə dövrünün uniformaları nümayiş olunur. Fərdi kolleksiyaçı Azad Hüseynovun illər boyu topladığı materiallar əsasında Sovet İttifaqı, ABŞ və Almaniya ordularının uniforma və ləvazimatları tərtib edilib.
Zalda həmçinin Xalq rəssamı Tahir Salahovun “416-cı atıcı diviziya Taqanroqu azad edir” adlı monumental rəsm əsəri, 10-a yaxın açıq eksponat yer alıb. Muzey əməkdaşları tərəfindən tərtib edilmiş “Azərbaycan diviziyalarının döyüş yolu” adlı iriölçülü xəritə də diqqəti cəlb edir.
Qeyd edək ki, sərgidə müharibə illərində mövcud olmuş Azərbaycan milli hərbi hissələrinin 10-dan artıq döyüş bayrağı da nümayiş olunur.