Rayonun zəngin mədəni irsi buna imkan verir

Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Gədəbəy rayonunda aparılan arxeoloji qazıntılar nəticəsində ibtidai insanların istifadə etdikləri əmək alətləri tapılıb. Qədim insanların buradakı yaşayış yerləri daim diqqət çəkməkdədir. Maraqlıdır ki, qədim insanların yaşayış yerləri olan sığınaq (sığınacaq), zağa, kaha və mağaralar indinin özündə də burada mövcuddur. Məsələn, Şora zağası, Mis dağ mağarası və s.

Şübhəsiz ki, hələ sonrakı yaşayış normalarını, həyat  tərzini dərk etməyən  insanlar həyatın ibtidai yaşam dövründə daldalanmaq, qorunmaq, gizlənmək və ya gecələmək üçün  münasib yerlər axtarışında olmaya   bilməzdilər. Məhz bu zərurət onları müxtəlif yaşayış yerləri tapmağa və ya  düzəltməyə məcbur edə bilərdi. Bu baxımdan yuxarıda adları çəkilən  yaşayış yerləri ya ibtidai dövr insanlarının ilkin memarlığı - əl işləməsi, ya da təbii yaranma yolu ilə mövcud olub.

Bu tip  tikililər şübhəsiz ki, məlum dövrlərə xas olan yaşayış məskənləri  kimi, həm də müdafiə və ətrafı müşahidə məqsədli  tikililərdəndir. Bu  dövrün memarlığı artıq özündən əvvəlki dövrdən kəskin fərqlənir.
Qalaçalara baxdıqca insanı heyrət bürüyür: böyük ölçülü qaya parçaları necə olub ki, bir-birinin üstünə hörülüb? Bu möhtəşəmlik necə başa  gəlib, bu daşlar haradan və hansı yollarla o yerlərə  gətirilib?

Gədəbəydə Alban tarixi dövrünə aid hesab edilən müxtəlif memarlıq  üslublarını əks etdirən çoxlu sayda tarixi  abidə də mövcuddur. Bu barədə  elmi  mülahizələrdən, mətbuatda, televiziyada gedən rəylərdən tutmuş, yerli yaşlı  kənd sakinlərinin  söyləmələrinədək müxtəlif bilgilər  var. Həmin  tarixi  abidələr sırasında məbədləri, kilsə-vəngləri, qalaları və s. misal  çəkmək olar.

Gədəbəy rayonundakı  çoxsaylı  tarixi  abidələrin  ətraflı araşdırılmaması, öyrənilməməsi belə  bir  təxmin də yaradır ki,  o abidələr ya  albana   qədərki, ya  alban, ya da  oğuz  tarixi  abidələri sırasındadır. Yoxsa o abidələr bir  ayrı dövrü  də əks  etdirirmi? Hər  halda, bu, elmi tədqiqatın  işindən asılıdır.

Əvvəlki dövrlərə  nisbətən, sonrakı, bizə  yaxın  dövrü  əks  etdirən  və məlum  olan  tarixi  abidələr alman  milliyyətli  Simens qardaşlarının  firmasına  məxsus  tikililərdir. Bu əcnəbi sənayeçi-sahibkarlar XIX əsrin ikinci yarısından XX əsrin birinci onilliyinədək Gədəbəydəki Mis dağında  mis mədəni, eləcə də Gədəbəy və onun kəndi olan Qalakənd kəndində  Misəritmə (Mis saflaşdırma) zavodları, digər  sənaye  və yaşayış  tikililəri yaradıblar.

Məlum dövrün tikililərindən bu günümüzə qədər müxtəlif formada qalanları da var, zaman-zaman sökülüb dağıdılanları da. Hər bir halda indiyədək   qalan  bütün  bu  növ  tikililərin  özləri  də müvafiq  dövrün memarlıq nümunələri  kimi  tarix və mədəniyyət  abidələridir.
Haqqında  tanışlıq məqsədilə az da olsa  məlumat  verilən bu abidələr, Gədəbəydəki daşınmaz  tarix və mədəniyyət  abidələrinin heç də  hamısını əhatə  etmir. Belə  ki, bu dağlıq  rayonda  bunlardan başqa daha  neçə -neçə  bu və  ya başqa  tip abidələr də mövcuddur.
Təəssüf ki,  Gədəbəyin  istər  memarlıq, istərsə də arxeoloji abidələri barədə  yetərli  elmi  axtarışlar  aparılmayıb.

Azərbaycanda ən  qədim  yaşayış  yerlərindən olan Gədəbəyin adı hələ  1206-cı ildə alban tarixçisi  Mxitar Qoşun əsərində Getabak  kimi verilib. Buradan  tapılmış  bir  sıra  tarixi maddi-mədəniyyət  nümunələri  zaman-zaman Ermənistan, Gürcüstan , Rusiya  Federasiyası, Almaniya, Fransa və başqa  dövlətlərin muzeylərinə  aparılıb. Bunlar Gədəbəy - Xocalı mədəniyyəti  kimi  tanınan tarixi varlığın danılmaz təzahürüdür. Gədəbəy-Xocalı  mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc  dövrünün  arxeoloji  təsdiqidir.

Bütün  bunlarla  yanaşı, bu dağlıq  diyar  bir ayrı  özəlliyi  ilə də  seçilir. O da onun canlı  turizm  məskəni olmasıdır. Buradakı qədim tarixi abidələr füsunkar gözəl  təbiətə, əlverişli iqlimə və s. malik olan bir diyar üçün  xüsusi  əhəmiyyətə  malikdir. Həm də  turizm baxımından həmin tarixi  abidələr diqqəti cəlb edir.

Etibar,
Gədəbəy







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar