Rayonun zəngin mədəni irsi buna imkan verir
Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Gədəbəy rayonunda aparılan arxeoloji qazıntılar nəticəsində ibtidai insanların istifadə etdikləri əmək alətləri tapılıb. Qədim insanların buradakı yaşayış yerləri daim diqqət çəkməkdədir. Maraqlıdır ki, qədim insanların yaşayış yerləri olan sığınaq (sığınacaq), zağa, kaha və mağaralar indinin özündə də burada mövcuddur. Məsələn, Şora zağası, Mis dağ mağarası və s.
Şübhəsiz ki, hələ sonrakı yaşayış normalarını, həyat tərzini dərk etməyən insanlar həyatın ibtidai yaşam dövründə daldalanmaq, qorunmaq, gizlənmək və ya gecələmək üçün münasib yerlər axtarışında olmaya bilməzdilər. Məhz bu zərurət onları müxtəlif yaşayış yerləri tapmağa və ya düzəltməyə məcbur edə bilərdi. Bu baxımdan yuxarıda adları çəkilən yaşayış yerləri ya ibtidai dövr insanlarının ilkin memarlığı - əl işləməsi, ya da təbii yaranma yolu ilə mövcud olub.
Bu tip tikililər şübhəsiz ki, məlum dövrlərə xas olan yaşayış məskənləri kimi, həm də müdafiə və ətrafı müşahidə məqsədli tikililərdəndir. Bu dövrün memarlığı artıq özündən əvvəlki dövrdən kəskin fərqlənir.
Qalaçalara baxdıqca insanı heyrət bürüyür: böyük ölçülü qaya parçaları necə olub ki, bir-birinin üstünə hörülüb? Bu möhtəşəmlik necə başa gəlib, bu daşlar haradan və hansı yollarla o yerlərə gətirilib?
Gədəbəydə Alban tarixi dövrünə aid hesab edilən müxtəlif memarlıq üslublarını əks etdirən çoxlu sayda tarixi abidə də mövcuddur. Bu barədə elmi mülahizələrdən, mətbuatda, televiziyada gedən rəylərdən tutmuş, yerli yaşlı kənd sakinlərinin söyləmələrinədək müxtəlif bilgilər var. Həmin tarixi abidələr sırasında məbədləri, kilsə-vəngləri, qalaları və s. misal çəkmək olar.
Gədəbəy rayonundakı çoxsaylı tarixi abidələrin ətraflı araşdırılmaması, öyrənilməməsi belə bir təxmin də yaradır ki, o abidələr ya albana qədərki, ya alban, ya da oğuz tarixi abidələri sırasındadır. Yoxsa o abidələr bir ayrı dövrü də əks etdirirmi? Hər halda, bu, elmi tədqiqatın işindən asılıdır.
Əvvəlki dövrlərə nisbətən, sonrakı, bizə yaxın dövrü əks etdirən və məlum olan tarixi abidələr alman milliyyətli Simens qardaşlarının firmasına məxsus tikililərdir. Bu əcnəbi sənayeçi-sahibkarlar XIX əsrin ikinci yarısından XX əsrin birinci onilliyinədək Gədəbəydəki Mis dağında mis mədəni, eləcə də Gədəbəy və onun kəndi olan Qalakənd kəndində Misəritmə (Mis saflaşdırma) zavodları, digər sənaye və yaşayış tikililəri yaradıblar.
Məlum dövrün tikililərindən bu günümüzə qədər müxtəlif formada qalanları da var, zaman-zaman sökülüb dağıdılanları da. Hər bir halda indiyədək qalan bütün bu növ tikililərin özləri də müvafiq dövrün memarlıq nümunələri kimi tarix və mədəniyyət abidələridir.
Haqqında tanışlıq məqsədilə az da olsa məlumat verilən bu abidələr, Gədəbəydəki daşınmaz tarix və mədəniyyət abidələrinin heç də hamısını əhatə etmir. Belə ki, bu dağlıq rayonda bunlardan başqa daha neçə -neçə bu və ya başqa tip abidələr də mövcuddur.
Təəssüf ki, Gədəbəyin istər memarlıq, istərsə də arxeoloji abidələri barədə yetərli elmi axtarışlar aparılmayıb.
Azərbaycanda ən qədim yaşayış yerlərindən olan Gədəbəyin adı hələ 1206-cı ildə alban tarixçisi Mxitar Qoşun əsərində Getabak kimi verilib. Buradan tapılmış bir sıra tarixi maddi-mədəniyyət nümunələri zaman-zaman Ermənistan, Gürcüstan , Rusiya Federasiyası, Almaniya, Fransa və başqa dövlətlərin muzeylərinə aparılıb. Bunlar Gədəbəy - Xocalı mədəniyyəti kimi tanınan tarixi varlığın danılmaz təzahürüdür. Gədəbəy-Xocalı mədəniyyəti isə özlüyündə iki minillik bir tarixi dövrün - Tunc dövrünün arxeoloji təsdiqidir.
Bütün bunlarla yanaşı, bu dağlıq diyar bir ayrı özəlliyi ilə də seçilir. O da onun canlı turizm məskəni olmasıdır. Buradakı qədim tarixi abidələr füsunkar gözəl təbiətə, əlverişli iqlimə və s. malik olan bir diyar üçün xüsusi əhəmiyyətə malikdir. Həm də turizm baxımından həmin tarixi abidələr diqqəti cəlb edir.
Etibar,
Gədəbəy