Xəbər verdiyimiz kimi, müstəqilik dövrü kino tariximizdə ilk dəfə olaraq Azərbaycan filmi Venesiya Film Festivalının müsabiqə proqramında yer alıb. Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında” ("In Between Dying”) filminin 77-c Venesiya Film Festivalında nümayişi sentyabrın 11-də gerçəkləşib.
Təqdimatdan öncə filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan isgəndərli, Rəna Əsgərova festivalın fəxri qonaqları kimi qırmızı xalısı üzərindən keçiblər. Onları festivalın direktoru Alberto Barbera müşayiət edib.
Azərbaycan, ABŞ və Meksika kinematoqrafçılarının birgə istehsalı olan film Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.
Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Ekran əsərində Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov və Mürvət Əbdüləzizov çəkiliblər.
77-ci Venesiya Film Festivalı sentyabrın 12-də başa çatır.