Kiyevdə Salam Sarvanın kitabının təqdimatı
Ukrayna Milli Ədəbiyyat Muzeyində Azərbaycanın tanınmış şairi Salam Sarvanın şeirlər toplusunun təqdimat mərasimi keçirilib.
“Boğulmaq da olmur, dayazdı dünya” («І потонути неможливо, неглибокий цей світ...») adlı nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzinin layihəsidir.
Kitabın çapı və təqdimatı Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun və “Sammit-kniqa” nəşriyyatının dəstəyi ilə həyata keçirilib.
Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini, akademik Nikolay Sulıma tədbiri açaraq Ukrayna ilə Azərbaycan arasında zəngin tarixə malik ədəbi əlaqələr barədə danışıb.
Tədbirin keçirilməsinə dəstək verən Ukrayna Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Sofiya Fecora çıxışında Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığa bundan sonra da hazır olduqlarını bildirib.
Mərasimdə kitabın tərcüməçisi Lesya Mudrak, layihənin məsul katibi Marina Qonçaruk, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev, şairlər Dmitri Çistyak, Sergey Savin, Yuliya Qupalyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan filologiyası üzrə müəllimi İrina Dəmirəzən və başqaları çıxış ediblər, kitabdan şeirlər oxunub.