Gənc virtuoz skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb.
Müsabiqənin bu mərhələsində həmvətənimizlə birlikdə Cennaro Kardaropoli (İtaliya), Civon Kim (Cənubi Koreya), Tassilo Probst (Almaniya), Tomotaka Seki (Yaponiya), Valentin Serban (Rumıniya), Ayaka Usio (Yaponiya), Cavon Ui (Cənubi Koreya) iştirak edəcəklər.
Bu il müsabiqə yeni formatda keçirilir. İlk iki tur onlayn formatda avqustun 20-dən başlayaraq bir ay ərzində keçirilir, violonçel, skripka, fortepiano kateqoriyaları üzrə yarımfinal və finallar isə gələn il mayın 13-21-də Buxarestin “Rumın ateneum” konsert zalında baş tutacaq.
Xatırladaq ki, 23 yaşlı Elvin Xoca Qəniyev bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. O, K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski adına və D.Oystrax adına skripkaçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Virtuoz skripkaçı, həmçinin Berlində keçirilmiş II Beynəlxalq musiqi müsabiqəsinin (2018) qızıl medalına layiq görülüb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.