18 sentyabr milli musiqi bayramı – Üzeyir Musiqi Günüdür
Azərbaycanın mədəniyyət tarixində elə günlər var ki, onların miqyası, dəyər və əhəmiyyəti mədəniyyət müstəvisinin, sənət aləminin hüdudlarını aşaraq bütövlükdə xalqın tarixi irsini ehtiva edir, onun milli intibah və yüksəlişi ilə bir sırada anılır, yad və qeyd edilir.
Dahi bəstəkar, professional musiqi sənətimizin banisi, mədəniyyət salnaməmizə bir çox ilklər yazan, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısı, görkəmli musiqişünas, dramaturq, publisist, pedaqoq və bunlardan daha ötə, böyük vətənpərvər və ziyalı Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr (1885) tariximizin belə qürur duyulacaq günlərindəndir.
Ulu öndər Heydər Əliyev 18 sentyabr 1995-ci il tarixində Üzeyir Hacıbəylinin doğum gününün “Üzeyir Musiqi Günü” kimi qeyd olunması barədə fərman imzalayıb. Fərmana uyğun olaraq hər il dahi bəstəkarı Azərbaycana və dünyaya bəxş edən bu günü milli musiqi bayramı kimi qeyd edirik.
2009-cu ildən başlayaraq hər il 18 sentyabrda başlanan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu əlamətdar tarixə əlavə rəng qatıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ötən illərdə müxtəlif ölkələrdən görkəmli musiqiçiləri, bədii kollektivləri, solistləri, dirijorları, musiqişünas alimləri dahi bəstəkarın sənət işığında bir araya gətirib.
Builki sənət bayramı bəstəkarın anadan olmasının 135 illiyinə təsadüf edir.
Mövcud pandemiya səbəbindən builki festivalın ənənəvi miqyasda keçirilməsi mümkün deyil. Bu üzdən XII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu dəfə telefestival formatında təqdim olunacaq. Amma adından da göründüyü kimi, bu, sadəcə, zahiri, müvəqqəti forma(t) dəyişikliyidir. Önəmli olan mahiyyət, böyük düha və onun sonsuz işığıdır. Pandemiyalar, fövqəladə hallar gəldi-gedərdi. Üzeyir bəyin irsi, dühası dünya durduqca bizimlədir. Onun parlaq ziyası əbədiyyətədək bizə yetəcək...
Vüqar ORXAN