Azərbaycan xalqının istiqlal mübarizələri tarixində xüsusi yeri olan 15 sentyabr – Bakının qurtuluşu günü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qeyd edilib.
Bakının 1918-ci ilin sentyabrında erməni-bolşevik işğalından azad edilməsi ilə bağlı hər il Nizami Muzeyində tədbirlərin ənənəvi olaraq keçirilməsinin mühüm bir tarixi səbəbi də var. Muzeyin indi yerləşdiyi bina XX əsrin əvvəllərində bu tarixi hadisələrin bilavasitə cərəyan etdiyi əsas məkanlardan biri olub.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin həyətində keçirilən mərasimdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov deyib: “Millətimizə istiqlalı və dövlət müstəqilliyini yadigar qoyub gedən, Azərbaycan Xalq Cümhuriyyətini qurmuş böyük vətənpərvərlər 15 sentyabrı 28 maya bərabər tutarkən haqlı idilər. 1918-ci ilin may ayının 28-i müstəqil dövlətimiz elan olunsa da, Bakı Şaumyanın başçılıq etdiyi “Xalq Komissarları Soveti”nin əlində idi və onlar elan edilmiş müstəqilliyimizi boğmaq üçün tədbirlər görürdülər. Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Yalnız 1918-ci ilin 15 sentyabrında Azərbaycan Əlahiddə Korpusu və Qafqaz İslam Ordusunun şücaəti sayəsində Bakı azad edilir və sentyabrın 16-da paytaxt Bakı önündə Nuru paşanın və Əliağa Şıxlinskinin getdiyi qələbə paradının sevincini yaşayır. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya gəlir, indi Nizami Muzeyinin yerləşdiyi, o vaxt “Metropol” mehmanxanası olan binaya köçür, ilk nazirlərimiz burada həm yaşayır, həm işləyirdilər”.
Mərasimdə Xalq rəssamı Altay Hacıyevin çəkdiyi, indiki Nizami Muzeyinin “İstiqlal” adı verilmiş akt zalında – 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclas salonunda milli rəmzlərin təsdiqi mərasiminə həsr edilən tablo haqqında da məlumat verilib.
Akademik Rafael Hüseynov çıxışı zamanı iki təklifini də səsləndirib: “Zəngin və qədim tarixə malik, dünyanın ən gözəl şəhərləri sırasında məxsusi yeri olan paytaxtımızda lap çoxdan “Bakı muzeyi”nin yaradılmasına ehtiyac var. Bakının həmişə iqtisadi, mədəni, elmi inkişafımızın mərkəzi olması, şəhərin özünün və onun sahilinə sığındığı Xəzərin uzaq keçmişlərdən bu günə uzanan parlaq səhifələrlə dolu yolu, neftimizin və neft sənayemizin tarixi və bir çox başqa istiqamətlərin qovuşduğu belə muzey öz vətəndaşlarımızın da, paytaxtın qonaqlarının da sevimli məkanlarından biri olar.
Digər mühüm istək isə hər il ümumxalq sevinci ilə qeyd etməyi arzuladığımız Bakı günüdür. Bakı günü kimi seçilməyə layiq ən uyğun günsə, elə sentyabrın 15-dir. 1918-ci ilin 15 sentyabrı müstəqil dövlətimizin paytaxtına çevrilən Bakının həyatındakı ən şanlı səhifənin açıldığı bəxtiyar gün olub. Arzulayaq və inanaq ki, ən yaxın gələcəkdə biz 15 sentyabrı yalnız Bakının qurtuluşu günü kimi deyil, iki bayramı qovuşduraraq həm də hamılıqla Bakı günü kimi bayram edəcəyik”.