Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçı qızı” tammetrajlı bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalında təqdim ediləcək. Ekran əsəri 1-8 oktyabr 2020-ci il tarixində keçiriləcək festivalın əsas proqramına daxil edilib.

“Cinex (Azərbaycan) və “Non-stop prodakşn “(Rusiya) kino şirkətlərinin birgə çəkdiyi film Xəzər dənizinin sahilində, Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Dənizdə ov zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir, axı onun nəşini heç kim tapmayıb. Amma Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz “dəfn olunmamış” balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur...

Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, operator Şandor Berkeşi, quruluşçu rəssam Sergey Zaykovdur. Rollarda Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

İsmayıl Səfərəli 1978-ci ildə Bakıda anadan olub. 2003-cü ildə ABŞ-da Dük Universitetinin iqtisadiyyat üzrə magistri dərəcəsini alıb. 2015-ci ildə Moskva Yeni Kino Məktəbini fərqlənmə ilə bitirib. Rejissor, ssenari müəllifi və prodüser kimi “Təkbətək” (2014), “Yuka üçün layla” (2015), “Sakitlik dənizi” (2017) qısametrajlı filmlərini çəkib. 2016-cı ildə “Gecə qabarması” ssenarisi “Kinotavr” festivalının (Rusiya, Soçi) layihələr bazarının qalibi olub. “Balıqçı qızı” da ilk dəfə “Kinotavr”ın layihələr pitçinqində təqdim edilib.

42-ci Moskva Beynəlxalq Kinofestivalında  İsrail, Rumıniya, Qazaxıstan, Koreya Respublikası, Braziliya, Hindistan, Böyük Britaniya kinorejissorlarının əsərləri də təqdim olunacaq. Türk rejissoru Erdem Tepegözün “Kölgədə” filmi də festivalın əsas proqramına daxil edilib.