Bahadur Bilalov:
   «Treninqlər dünya praktikasını öyrənmək baxımından turizm sənayesində çalışan insanlara hava-su kimi lazımdır»

  
   Bugünlərdə Azərbaycanın turizm sahəsi üzrə qarşılıqlı əməkdaşlıq etdiyi Yunanıstan Respublikasından bir qrup mütəxəssis “Qonaqpərvərlik və Turizm sənayeləri üzrə yeni meyillər” mövzusunda seminar aparmaq üçün Bakıya gəldi. “Hyatt Regency” mehmanxanasında baş tutan seminar müxtəlif mövzuları əhatə edirdi.
   Altı gün davam edən seminar iştirakçılara nə verdi? Ümumiyyətlə, bu cür kursların təşkilinin ölkə turizmində mövcud olan problemlərin həllində hansı rolu var? Bu və ya digər suallarla ATİ-nin turizm biznesinin təşkili və idarə edilməsi kafedrasının müdiri, eyni zamanda seminar iştirakçısı Bahadur Bilalova müraciət etdik.

  
   - İştirakçısı olduğunuz seminar bir həftəyə qədər çəkdi. Yunanıstanlı mütəxəssislərdən yeni nə öyrəndiniz?
   - Belə kursların əhəmiyyəti böyükdür. Çünki ortada dünya standartı məsələsi var. Azərbaycan turizminin hazırda ən böyük problemi qəbul olunmuş standartlar səviyyəsində xidmət göstərən personalın olmamasıdır. Bu nöqteyi-nəzərdən təsadüfi deyil ki, Azərbaycan Turizm İnstitutu yaradılıb. Buna qədər də digər ali məktəblərdə turizm ixtisası tədris edilirdi, diplom verilirdi. Amma hazırlanan kadrların peşəkarlığı lazımi səviyyədə deyildi, standartlara cavab vermirdi. Bu səbəbdən ayrıca yaradılan ATİ-nin qarşısında bir vəzifə kimi qoyulub ki, dünyada qəbul edilmiş standartlara uyğun peşəkarlar hazırlasın. Biz də işimizi bu istiqamətdə qurmuşuq. Amma tələbələrimiz hələ 3-cü kursdadırlar. Ən azı bir il gözləmək lazımdır ki, onlar turizm sənayesinə getsinlər. Ona görə də gələn qonaqlarla işləmək üçün ən optimal üsul treninqlərdir. Təsadüfi deyil ki, indiyə qədər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və türkiyəli mütəxəssislərin iştirakı ilə müxtəlif treninqlər həyata keçirilib. Yunanıstan Turizm Nazirliyinin təşkil etdiyi bu kursların da çox böyük əhəmiyyəti var. Biz suallarımıza aldığımız cavablarda, təqdimatlarda Yunanıstanda turizmin inkişaf tentensiyasını öyrəndik. Bu ölkədə də turizm sahəsinin inkişafında müəyyən çətinliklər olub. Bu, bütün dünyada baş verən təbii bir prosesdir. 20 il bundan əvvəl Türkiyədə də turizm o qədər inkişaf etməmişdi. Amma bu gün Türkiyə dünyada ən çox turist qəbul edən ölkələrin onluğuna daxildir.
   Qeyd etmək istəyirəm ki, bu treninqlər dünya praktikasını öyrənmək baxımından Azərbaycan turizm sənayesində çalışan insanlara hava-su kimi lazımdır. Məsələn, elektron turizm Azərbaycan üçün tamamilə yeni bir məsələdir. Bir il bundan öncə Avstriyada olarkən bizə bildirdilər ki, elektron turizm anlayışı var. Biz onlardan xahiş etdik ki, bizə bir təqdimat etsinlər. Doğrudan da dünyanın qloballaşması, İnternetin sürətli inkişafı ona gətirib çıxaracaq ki, insanların turizm şirkətlərinə müraciət etməsinə ehtiyac qalmayacaq. İnsanlar evində, ofisində oturub İnternet vasitəsilə istədikləri ölkəyə getmək üçün bilet əldə edə biləcəklər. Gələcək elektron turizmin üzərində olmalıdır. Kim bu işdə öncül olacaqsa, turizm bazarında özünə layiqli yer tutacaq. Amma indiki qayda ilə kim oturub işləyəcəksə, balaca bir ofis açıb gözləyəcəksə ki, mən turist gətirəcəm, qazanc əldə edəcəm, onda təbii ki, rəqabətə davam gətirməyib sıradan çıxacaq. Bu baxımdan yeniliklər, biliklər həmin seminarlarda bizim turoperatorlara da çatdırıldı.
   - Turoperatorların özləri necə, belə treninqlərdə iştirakda maraqlıdırlarmı?
   - Məsələ burasındadır ki, ümumiyyətlə, bizim cəmiyyətdə son zamanlar nəyisə öyrənməyə həvəs azalıb. Bu, tələbələrə də aiddir. Haqqında danışdığımız seminarda bizim qrupda 60 nəfər iştirak edirdi. Onların 50 nəfəri müxtəlif turizm şirkətlərinin nümayəndələri idi. Azərbaycanda hazırda 234 turizm şirkəti lisenziyalı fəaliyyət göstərir. Mən çox arzu edərdim ki, bu şirkətlərin hamısının nümayəndəsi həmin treninqdə iştirak etsin. İkinci bir tərəfdən, o şirkətlərin əməkdaşlarının əksəriyyəti gənclərdir. Çox təəssüflər olsun ki, o gənclərin turizm sahəsi üzrə bilikləri yetərli deyil. Bu baxımdan da bu tipli treninqlərin əhəmiyyəti böyükdür. Mən orada iştirakçı şirkətlərin nümayəndələrinə təklif etdim ki, biz Turizm İnstitutu olaraq sizə turoperator, turagent fəaliyyəti haqqında 1 aylıq kurslar keçək. İnstitutumuz fəaliyyətə başlayandan bir az sonra müxtəlif mövzularda kurslar təşkil etdik. Amma təəssüflə qeyd edim ki, həmin kurslarda iştirak etmək üçün cəmi 2-3 nəfər müraciət etdi. Bundan əlavə, turoperator, turagent fəaliyyəti, bələdçi-tərcüməçi hazırlayan kurslarla bağlı da elanlar verdik. Amma təəssüflər olsun ki, bizə müraciət edən olmadı.
   - Bugünlərdə Turizm Şirkətləri Assosiasiyasının yaranması ilə bağlı ilkin iclas keçirildi. Sizcə, bu qurumun yaranması ilə şirkətlərin işində hansısa bir irəliləyişə nail olunacaqmı?
   - Mən sizə birmənalı şəkildə deyirəm ki, bəli, bu assosiasiyanın yaradılmasına çox böyük ehtiyac var. Mən həmin qurumun yaradılmasının təşəbbüsçülərindən biriyəm və təşəbbüs qrupunun da üzvüyəm. Hazırda assosiasiyanın təsis edilməsi ilə bağlı sənədlər hazırlanır, yəqin ki, bu yaxınlarda təqdim olunacaq. Əslində dünya praktikası da göstərir ki, inkişaf üçün mütləq şirkətlərin birliyinə ehtiyac var. Məsələn, Türkiyədə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRKSAB) adlı bir qurum var. O təşkilatın üzvü olmayan hər hansı bir turizm firması bu sahə ilə məşğul ola bilməz. Yəni şirkət əvvəlcə o assosiasiyanın üzvü olmalıdır. Lisenziyanı da bu qurum verir, özü də elə-belə yox. Onlar öz markalarını gözləyirlər. Lisenziya ilə bağlı qurumun öz şərtləri və parametrləri var. TÜRKSAB-ın icazəsi olmadan heç bir firma reklam işləri ilə məşğul ola bilməz. Bizdə isə hər hansı bir firmanın yaradılması və lisenziya alıb fəaliyyət göstərməsi üçün çox kiçik bir tələb var. Bu baxımdan assosiasiyanın yaradılmasına ehtiyac böyükdür.
   - Bir mütəxəssis kimi, necə hesab edirsiniz, Azərbaycanda turizmi daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?
   - Ümumiyyətlə, bu məsələyə kompleks şəkildə yanaşılmalıdır. Biz bu problemi seminar zamanı Yunanıstan universitetlərinin birinin professoru, doktor Antonio ilə də müzakirə etdik. Burada ilk növbədə kompleks yanaşma olmalıdır. Belə deyək də, təkcə hotel tikməklə xaricdən turist axınına nail olmaq olmaz. Bunun üçün nəqliyyat məsələləri həll edilməlidir. Bu gün avropalı turist Azərbaycana gəlmək üçün biletə xeyli pul verir, hələ başqa xərclər o tərəfə qalsın. Ona görə də təbii ki, o, Azərbaycanı yox, turizm xidmətinin ucuz olduğu Türkiyəni seçəcək. Və yaxud, deyək ki, Amerikadan ölkəmizə gəlmək istəyən müştəri yenə də seçim qarşısında qalanda bilet bahalığı səbəbindən Azərbaycanı seçməyəcək. Baxmayaraq ki, Azərbaycan dünya ölkələri üçün yeni və maraqlı bir marşrutdur. Azərbaycan turizminə güzəştli vergi tətbiq edilməlidir. Çox təəssüflər olsun ki, biz bu məsələni 5 ildir deyirik, amma eşidən yoxdur. Bu, çox vacib şərtdir. Yenə də Türkiyə təcrübəsindən misal gətirim. Orada istirahət mərkəzi və yaxud mehmanxana tikən hər hansı bir firmanı 10 il müddətinə bütün vergilərdən azad edirlər. Demirik ki, bizdə də turizm obyektləri tamamilə vergi verməsinlər. Amma verginin tətbiq edilməsinin də bir sistemi olmalıdır. Kompleks yanaşma bu nöqteyi-nəzərdən olmalıdır. Bir sahəyə diqqət yetirməklə turizmin istədiyimiz səviyyədə inkişafına nail olmaq mümkün olmayacaq. Bunun üçün uzunmüddətli bir strategiya tətbiq etmək, sonra isə kompleks tədbirlər həyata keçirmək lazımdır.
   - Bahadur müəllim, ötən ildən dünyanı maliyyə böhranı bürüyüb. Sizcə, böhranın Azərbaycan turizminə təsiri nə dərəcədə olacaq?
   - Təbii ki, bütün dünyanı ağuşuna alan böhran bütün sahələrdə olduğu kimi, həssas sahə olan turizmə də öz təsirini göstərəcək. Və heç də istisna deyil ki, bu, Azərbaycan turizminə də təsir edəcək. Çünki böhran xarici ölkələrdə yaşayan insanların maddi durumlarına ciddi təsir göstərib, ona görə də istər-istəməz turist səyahətləri məhdudlaşacaq. Mən hesab edirəm ki, əvvəlki illərdə olduğu qədər olmasa da, gözlənilir ki, bu il də ötən illərlə müqayisədə müəyyən qədər artım olacaq.
  
   Fəxriyyə ABDULLAYEVA