Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 18 sentyabr – Milli Musiqi Günü və bu gündə dünyaya gəlmiş iki böyük sənətkar, dost və sirdaş – Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə beynəlxalq onlayn görüş keçirib. Görüşə müxtəlif ölkələrdən mütəxəssislər, musiqiçilər qatılıb.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield (ABŞ), Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi Cəmilə Cavadova-Spitsberq (ABŞ), İstanbul Üsküdar Universiteti Sosiologiya kafedrasının müdiri Əbülfəz Süleymanlı (Türkiyə), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi Yavər Neymətli Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığı, Azərbaycan musiqi tarixində oynadıqları rol haqqında maraqlı çıxışlar edib, fikir mübadiləsi aparıblar.
Onlayn tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Əməkdar artist, pianoçu Emil Əfrasiyab, Smolensk Filarmoniyasının solisti, skripka ifaçısı Anastasiya Vedyakova, “Roskonsert”in solisti Dina Dedyakina (Rusiya), pianoçu Dongni Xie (Çin Xalq Respublikası) və Xalq artisti Munis Şərifovun iştirakı ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı tərəfindən konsert proqramı təqdim olunub.